İlham Əliyevin bir güllə atılmadan azad etdiyi Ağdam Qarabağın inkişaf rəmzinə çevirilir

Tokio, 20 noyabr , /AJMEDIA/

2020 -ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdə və diplomat məharəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin həmin il noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalandı.
Bu gün Ağdamın işğaldan azad olunmasının üçüncü ilini böyük sevinc və qürur hissi ilə bayram edirik. Azərbaycan Prezidenti İlham Əliyevin bir güllə atılmadan azad etdiyi rayon hazırda inkişaf və quruculuğun yeni rəmzinə çevrilib.
1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin böyük bir hissəsini işğal edən erməni separatçıları ərazidə görünməmiş vandalizm həyata keçirərək bütün yaşayış məntəqələrini yerlə yeksan ediblər. Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam işğaldan azad ediləndə viranəyə çevrilmiş xarabalıqları xatırladırdı. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Hiroşiması adlandırdılar.
Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri darmadağım etmişdilər. 128 min nəfər doğma ev-eşiyindən didərgin düşmüşdü, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan çox ziyan dəymişdi. İşğaldan əvvəl Ağdamda 1898 sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərirdi.
Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid verən məskəndir. Ağdam hər zaman düşmənə gözdağı olmuşdu.
Ötən 30 ilə yaın dövrdə təşkil edilən bütün anım mərasimlərində bir arzumuz var idi – torpaqlarımız azad edilsin, işğal günləri tarixə qovuşsun, yalnız zəfər günlərimizi böyük təntənə ilə qeyd edək. Və o gün gəldi. Bu gün ağdamlılar üçün 23 iyul işğal tarixi yox, 20 noyabr Zəfər bayramı günü var.
Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan düşmənin geri qaytardığı Ağdam indi yenidən quruculuğun baş meydanına çevrilib.
Üç il öncə İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.
Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamada da həyat yenidən canlanır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır.
Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək.
Bu gün Ağdam həqiqətən də cənnətməkana çevrilməkdədir. Ağdamın strateji əhəmiyyəti, eləcə də acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq məhz buradan başlanması zərurətini yaradırdı. Bu səbəbdən də ilk baş planı təsdiqlənən şəhər Ağdam oldu.
Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib. Biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşırıq.
Artıq azad edilmiş elə bir ərazi yoxdur ki, orada bu və ya digər formada abadlıq-quruculuq işləri həyata keçirilməsin. İşğaldan azad edilmiş ərazilərdə 15 yol-nəqliyyat infrastrukturunun, digər kommunikasiya xətlərinin salınması, Füzuli və Zəngilan beynəlxalq aeroportlarının qısa müddətdə tikilib istifadəyə verilməsi, hazırda Laçında aeroportun tikintisinin davam etdirilməsi, elektrik yarımstansiyalarının istifadəyə verilməsi, su xətlərinin çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulmasına başlanılması, Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşan layihələr misli görünməmiş quruculuq işləridir desək, yanılmarıq.
Son olaraq onu da vurğulayaq ki, yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 4-cü ən böyük yaşayış məskəninə çevriləcək.

Vüqar Aağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts