Site icon AJMEDIA Azərbaycanca

İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub

Tokio, 07 iyul, /AJMEDIA/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədəki katibliyinin dərc etdirdiyi “OIC” jurnalın növbəti nömrəsində 2025-ci ildə təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər, müxtəlif görüşlər, o cümlədən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) xətti ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni işğalçıları tərəfindən dağıdılmış tarix-mədəniyyət abidələrinin vəziyyətinin yoxlanılması üzrə missiya barədə məqalələr dərc olunub.

AJMEDIA xəbər verir ki, məqalədə ICESCO-nun Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Qarabağa ikinci texniki sahə missiyası göndərdiyi diqqətə çatdırılır, həmçinin “İslam dünyasında münaqişədən sonrakı dövrdə irsin idarə edilməsi” proqramı çərçivəsində mədəni, dini abidələrin qorunub saxlanılması vəziyyətini qiymətləndirmək istiqamətində görülən işlər barədə məlumat verilir.

Jurnalın məqaləsində vurğulanır ki, missiya 2025-ci il aprelin 18-dən 30-dək Azərbaycanda olduğu müddətdə 10 bölgədə 75 irs abidəsini ziyarət edib. Bu irs nümunələri sırasında məscidlər, kilsələr, muzeylər, tarixi abidələr, arxeoloji sahələr, qəbiristanlıqlar, ziyarətgahlar, görkəmli mədəniyyət xadimlərinin evləri, inzibati binalar və kollektiv yaddaşla əlaqəli digər məkanlar olub. Missiya onları sənədləşdirib, fotoşəkillər və videolar, habelə şahid ifadələrindən ibarət məlumat bazası yaratmaq üçün fəaliyyətə başlayıb.

Materialda diqqətə çatdırılıb ki, missiya arxeologiya, memarlıq və mədəni irsin idarə edilməsi üzrə İraq, İtaliya və İspaniyanı təmsil edən dörd müstəqil beynəlxalq ekspertdən ibarət olub. Bu mütəxəssislərin hər biri 20 ildən artıq təcrübəyə və zəngin elmi biliklərə malikdir. Missiyaya Romada yerləşən Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Vebber Ndoro rəhbərlik edirdi. Ekspert qrupu, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, Qarabağ bölgəsində yerli hakimiyyət orqanlarının nümayəndələri ilə koordinasiya görüşləri keçirib. Bu görüşlərdə təcrübə mübadiləsi aparılıb və missiyanın əhatə dairəsini genişləndirmək üzrə sahə məlumatlarının toplanması müzakirə edilib. Missiya üzvlərinə vacib materiallar, arxiv sənədləri, irs abidələrinin pasportları, inventar kartları, arxiv fotoşəkilləri və texniki təsvirlər təqdim olunub. Mütəxəssislərdən ibarət komanda onların əsasında və apardıqları müşahidələrin nəticəsi olaraq yekun hesabat hazırlayır.

Məqalədə qeyd edilir ki, hesabatda miqyası vurğulanacaq ermənilər tərəfindən vurulmuş maddi və qeyri-maddi ziyan, dağıdılmış irs abidləri, talan halları və digər məsələlər yer alacaq. Bu səy Azərbaycanın öz milli irsini tam bərpa etmək və qorumaq, onu gələcək nəsillərə miras qoymaq təşəbbüslərini dəstəkləmək məqsədi daşıyır.

Materialın sonunda Azərbaycan Prezidenti İlham Əliyevin ICESCO-nun təşəbbüslərinə, proqramlarına və layihələrinə dəstəyi vurğulanır.

Exit mobile version