“İçərişəhər” Qoruq İdarəsi Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edəcək

Tokio, 3 Noyabr, /AJMEDIA/

“İçərişəhər” Muzey Mərkəzi noyabrın 5-6-da Zəfər Gününə həsr olunmuş bir neçə tədbir keçirəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AJMEDIA-ya bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd XXI əsrin ən möhtəşəm hadisəsini, 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqlarının azad edilməsi uğurundakı Vətən müharibəsində xalqımızın Qələbəsini qeyd etmək, müharibə qazilərinə hörmətimizin, şəhidlərin xatirəsinə ehtiramımızın əlaməti olaraq onları xatırlamaq, tarixdə yaşatmaqdır.

Noyabrda 5-də “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Şirvanşahlar Saray Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Azərbaycan tarixinin şanlı səhifəsi – 44 günlük müharibə” adlı məruzə ilə çıxış edəcək. Həmin gün Bakı Fotoqrafiya Evində “Cəbhədən xəbərlər” adlı tədbir təşkil olunacaq. Tədbirdə AZƏRTAC-ın fotomüxbiri Tofiq Babayevin müharibə günlərində cəbhədən çəkdiyi fotolar nümayiş ediləcək. Noyabrın 6-da “Qala” Tarix-Etnoqrafiya Qoruğundakı Əntiq Əşyalar Muzeyində Vətən müharibəsi qaziləri, şəhid ailələrinin nümayəndələri, eləcə də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müharibədə iştirak etmiş əməkdaşları ilə görüş keçiriləcək. Elə həmin gün İçərişəhərdə, Bakı Xanları Sarayı Parkının ART zonasında “Zəfər Günü” adlı uşaq rəsm müsabiqəsi iştirakçılarının əl işlərinin sərgilənməsi və münsiflər heyəti tərəfindən mükafatlandırılması olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts