“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın tədbirlər planı müzakirə olunub

Tokio, 21 fevral , /AJMEDIA/

AMEA-da “Heydər Əliyev İli” çərçivəsində bu elmi qurumun Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. İclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin iclaslarında “Heydər Əliyev İli” haqqında ölkə rəhbərinin Sərəncamından irəli gələrək müzakirələr aparıldığını və akademiyanın tədbirlər planının təsdiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, tədbirlər planı respublika və akademiya miqyasında olmaqla, iki istiqamətdə icra olunur.
İ.Həbibbəyli AMEA-nın respublika miqyaslı tədbirləri sırasında “Heydər Əliyev və azərbaycançılıq konsepsiyası”, “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, eləcə də Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilmiş “Bir millət – iki dövlət” mövzusunda elmi konfransların keçiriləcəyini, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” sənədli filminin hazırlanacağını söyləyib.
Akademik il ərzində “Qırmızı kitab”ın Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş III nəşrinin, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”, “Heydər Əliyev: şəxsiyyətin və fəaliyyətin miqyası”, “Təsviri sənətdə Heydər Əliyev obrazı” (ingilis dilində), “Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi” monoqrafiyalarının, Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı fərman və sərəncamlarından ibarət kitabın, “Azərbaycan alimlərinin Heydər Əliyevlə bağlı xatirələri” kitabının çap olunacağını və “Heydər Əliyev haqqında görkəmli siyasətçilərin və dövlət xadimlərinin xatirələri” elektron nəşrinin hazırlanacağını bildirib.
Akademiya səviyyəsində keçiriləcək elmi konfransların mövzularını və monoqrafik tədqiqatların istiqamətlərini nəzərə çatdıran AMEA rəhbəri “Heydər Əliyev Ensiklopediyası”nın nəşrinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qısa müddətdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarından ibarət işçi qrup tərəfindən müvafiq sözlüyün hazırlanaraq təqdim edildiyini bildirib.
Sonra elmi müəssisə və təşkilatların baş direktorları və çapı nəzərdə tutulan kitabların müəllifləri görülən işlər barədə ətraflı hesabat veriblər. Mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər İradə Hüseynova, Gövhər Baxşəliyeva, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri Ərtegin Salamzadə, Musa Qasımlı, Qurban Yetirmişli, professorlar Kərim Şükürov, Abbas Seyidov, Nadir Məmmədli, Məmməd Əliyev, Asif Rüstəmli, tarix elmləri doktorları Eynulla Mədətli, Ədalət Qasımov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və başqaları çıxış edərək təklif və mülahizələrini səsləndiriblər.
Ümummilli Liderin irsinin daha dərindən öyrənilməsi məqsədilə AMEA-nın elmi potensialının səfərbər edildiyini vurğulayan akademik İsa Həbibbəyli ilin sonunda Rəyasət Heyətinin xüsusi iclası ilə Akademiyanın “Heydər Əliyev İli” tədbirlərinə yekun vurulacağını diqqətə çatdırıb, elmi müəssisə və təşkilatların rəhbərlərinə və işçi qruplarına müvafiq tapşırıq və tövsiyələrini verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts