Tokio, 9 mart , /AJMEDIA/
Haitidə seçkilərə qarşı çıxan və ölkənin Baş naziri Ariel Henrinin istefasını tələb edən silahlı quldur dəstələri hökumət binalarına, polis bölmələrinə və paytaxt Port-o-Prinsdəki prezident sarayına hücum ediblər.
AJMEDIA Deutsche Welle teleradio kompaniyasına istinadla xəbər verir ki, hücumlar müxtəlif hökumət binalarına və polis məntəqələrinə eyni vaxtda edilib. Hazırda paytaxtda atəş səsləri eşidilir.
Eyni zamanda, iki həbsxanaya hücum edən silahlı dəstələr oradakı məhbusların əksəriyyətini azadlığa buraxıblar. Ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq olunub. Döyüşlər zamanı 10-dan çox silahlı quldurun öldürüldüyü bildirilir. Polisin itkiləri ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, Haitidə hökumət binalarına və infrastruktur obyektlərinə hücumlar martın əvvəlində başlayıb. Ölkənin ən güclü quldur dəstələri hökumətə qarşı birləşib. ABC telekanalının məlumatına görə, Haitinin baş naziri vəzifəsini icra edən Ariel Henri hücumlar başlayanda ölkədə olmayıb və təhlükəsizlik baxımından geri qayıda bilməyib.
İğtişaşların başlamasına Ariel Henrinin Karib hövzəsi liderləri ilə görüşündə 2025-ci ilin ortalarında ölkədə ümumi seçkilərin keçirilməsi ilə bağlı razılığı səbəb olub. Silahlı dəstələrə başçılıq edən sabiq polis zabiti Cimmi Şerizye baş naziri istefa verməyə çağırıb və əks-təqdirdə hökuməti vətəndaş müharibəsi ilə hədələyib.
Bu seçkilər 2021-ci ilin iyulunda ölkə prezidenti Jovenel Moizin öldürülməsinin ardınca baş nazirin nəzarəti ələ keçirməsindən sonra Haitidə ilk seçki olacaq. Hazırda ölkənin nə prezidenti, nə də parlamenti var.