Hərbi ekspert: Son əməliyyatlar qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılması ilə nəticələnməlidir

Tokio, 5 avqust , /AJMEDIA/

Vətən müharibəsindən sonra Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində və dövlət sərhədində təxribatlar törədirdi. Qanunsuz erməni silahlı dəstələrinin Laçın istiqamətində təxribatına cavab olaraq Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirdi. Ordumuzun bu əməliyyatı vaxtında atılan addım idi. Silahlı qüvvələrimiz qısa zamanda qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirərək mühüm yüksəklikləri ələ keçirdi və düşmənə layiqli cavab verdi.
AJMEDIA xəbər verir ki, bunu ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi erməni təxribatlarına qarşı müvafiq tədbirlər görüb. Bu tədbirlər məhz ölkəmizin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun bu istiqamətdə düşmənə qat-qat ağır zərbələr endirilməsi ilə nəticələndi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin dediyi kimi, “Dəmir yumruğu”muz yenə də düşmənin başını əzdi və Ordumuz bir daha öz gücünü və peşəkarlığını nümayiş etdirdi.
Ş.Ramaldanov qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə erməniləri üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməməsi ilə bağlı xəbərdarlıqlar etmişdi. Eyni zamanda, üçtərəfli Bəyanatın dördüncü bəndi hələ yerinə yetirilmədiyi üçün Rusiya sülhməramlı qüvvələrinin missiyası ilə əlaqədar çoxlu narahatçılıqlar vardı. Ona görə ki, Azərbaycan ərazisində qanunsuz silah daşıyanların olduğu ilə bağlı narahatçılıq həmişə hiss olunurdu. Əlbəttə, demilitarizasiya prosesi mütləq aparılmalıdır. Rusiyanın sülhməramlı qüvvələri hətta öz ərazisində yox, Ukrayna ərazisində demilitarizasiya adı ilə hazırda həm işğal, həm də hücum əməliyyatları keçirir. “Bu belə olduğu halda sual doğurur ki, üçtərəfli Bəyanatın olmasına baxmayaraq, niyə Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisində sülhməramlı missiyanı yetirərək bu sənədin dördüncü bəndini hələ də yerinə yetirmirlər. Əlbəttə, bu sual həmişə bizi narahat edirdi”, – deyə polkovnik vurğulayıb.
Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu məsələyə toxunduğunu diqqətə çatdıran Qarabağ müharibəsi veteranı fikirlərini belə davam etdirib: “Dövlətimizin başçısı Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistanın hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini bildirib. Prezident son müşavirədə məhz üçtərəfli Bəyanatın dördüncü bəndinin yerinə yetirilməməsi ilə bağlı iradlarını bildirərək ciddi xəbərdarlıq etmişdi ki, ölkəmiz bu məsələnin bundan sonra uzanmasına imkan verməyəcək. Azərbaycanın bundan sonra öz ərazisində lazımi tədbirlər görərək qeyri-qanuni erməni silahlı birləşmələrinin tərksilah edilməsi ilə bağlı mesajını vermişdi. Dövlət başçısı bu mesajı açıq şəkildə bütün tərəflərə çatdırıb. Bundan sonra Rusiya Prezidenti və Ermənistan baş naziri arasında, eləcə də Azərbaycanın müdafiə nazirinin Rusiya tərəfi ilə telefon danışıqları olub. Düşünürəm, həmin danışıqlarda bu məsələnin həlli ilə bağlı müəyyən müzakirələr aparılıb”.
Hərbi ekspert söyləyib ki, lakin revanşist qüvvələr Ermənistanda yetərincə mövqeyə sahib olduğu üçün onların rəhbərlik etdiyi Qarabağ klanı aktivləşərək məhz Laçın istiqamətində təxribat törədib. Nəticə də bizə məlumdur, şəhidimiz oldu. Ondan sonra Ermənistanın Azərbaycana qarşı təxribatlarına adekvat cavablar verilməli idi. Artıq bu cavab tədbirləri nəticəsində düşmən ciddi itkilərlə üzləşib. Bu, Ermənistan rəhbərliyinin proseslərin hansı istiqamətdə getdiyi barədə düşünməsinə təsir edəcək. “Qisas” əməliyyatı onlara ağır dərs olacaq.
“Beləliklə, Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı ilə Azərbaycanın şəhid əsgərinin qanı yerdə qalmadı. Ordumuz çox sarsıdıcı zərbələrlə düşməni itkiyə məruz qoydu. Əlbəttə ermənilərin orada tərksilah edilməsi, demilitarizasiya məsələsi gündəmdədir. Nə qədər ki, qanunsuz erməni silahlı qüvvələri Azərbaycan ərazisində olacaq, ölkəmizə qarşı həmişə belə təxribatlar törədiləcək. Onlar həmin ərazilərdə xidmət edən hərbçilərimizə təhlükə mənbəyidir. Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribatının qarşısını almağa hazırdır. Düşünürəm ki, bu məsələ öz həllini tapanadək Azərbaycan geri çəkilməməlidir. Bütün bu proses son nəticədə erməni silahlı dəstələrinin tərksilah edilməsi və ya Azərbaycan ərazisindən çıxarılması ilə nəticələnməlidir”, – deyə ehtiyatda olan polkovnik əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts