Site icon AJMEDIA Azərbaycanca

“Həyatın ilmələri” sənədli filminin təqdimatı olub

Tokio, 10 mart , /AJMEDIA/

Nizami Kino Mərkəzində Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuş “Həyatın ilmələri” sənədli filminin təqdimatı olub.

AJMEDIA xəbər verir ki, təqdimat mərasimində filmin ssenari müəllifi, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək qocaman xalçaçı Zəhra Əliyevanın həyat və fəaliyyəti haqqında danışıb.

O deyib: “Toxucu ailəsində böyüyən sənətkar kiçik yaşlarından bu sənətin sirlərinə yiyələnib. Xalçatoxuma texnologiyalarının mahir bilicisi, gözəl tədris ustası olan Zəhra xanım uzun illərdir biliklərini böyük sevgi və həvəslə öz tələbələri ilə bölüşür. O, 1997-ci ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyində çalışır, toxucularımıza ənənəvi və unudulmaqda olan xalçatoxuma texnologiyalarını öyrədir. Zəhra xanımın toxuduğu portret və ornamental xalçalar muzeylərimizlə yanaşı, xarici ölkələrdə şəxsi kolleksiyalarda qorunub saxlanılır”.

Filmin rejissoru Mübariz Nağıyev çəkiliş prosesi barədə maraqlı məqamları tamaşaçılarla bölüşüb.

“Həyatın ilmələri” sənədli filminin qəhrəmanı Zəhra Əliyeva çıxışında Prezident İlham Əliyev başda olmaqla, onun sənətinə qiymət verən hər kəsə dərin minnətdarlığını bildirib. Belə bir filmin ərsəyə gəlməsindən məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Zəhra Əliyevanın həyat hekayəsi əsasında çəkilən filmdə sənətkarın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu öz əksini tapıb. Burada, həmçinin arxiv materiallarına istinadən Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr də yer alıb.

Exit mobile version