Gürcüstanın Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kəndində karantin elan edilib

Tokio, 4 avqust , /AJMEDIA/

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kəndində karantin elan edilib.
AJMEDIA xəbər verir ki, buna kənddə iribuynuzlu heyvanlarda qarayara xəstəliyinin aşkar edilməsi səbəb olub.
Gürcüstan Milli Qida Agentliyinin məlumatına görə, aparılan laborator araşdırmaları nəticəsində tələf olan bir neçə heyvanda qarayara xəstəliyi aşkar edilib. Qurumun baytarlıq xidməti iribuynuzlu mal-qaranın düşdüyü yerlərdə qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirib. Heyvan qarayarasına qarşı mübarizənin profilaktik-karantin qaydasına uyğun olaraq tələf olmuş iribuynuzlu heyvanlar yandırılaraq basdırılıb, dezinfeksiya işləri aparılıb, ətraf perimetrdə heyvanların profilaktik peyvəndlənməsi aparılır. Bundan başqa yerli özünüidarəetmə orqanları ilə razılaşdırılaraq, Yuxarı Qarabulaq ərazisində karantin elan edilib.
Karantin qaydalarına uyğun olaraq kənd ərazisində mal-qaranın hərəkətinə, heyvan yarmarkalarının təşkilinə, heyvan mənşəli məhsulların istehlakına və satışına məhdudiyyətlər tətbiq olunub.
Qeyd edək ki, Dmanisi rayonu Gürcüstanda diri mal-qara istehsalı və satışı üzrə ixtisaslaşıb. Bu bölgədən xarici ölkələrə, o cümlədən Azərbaycana da diri mal-qara ixrac olunur.
Məlumat üçün qeyd edək ki, qarayara (Sibir xorası) ev və vəhşi heyvanlara təsir edən yoluxucu xəstəlikdir. Qarayara xəstəliyi insanlara da təsir edir. İnsana infeksiya əsasən xəstə heyvanı kəsməklə, onun ətindən istifadə etməklə və ya çirklənmiş torpaqdan yoluxa bilir. Milli Qida Agentliyinin baytar həkimləri, ölkə üzrə hər il bir milyona qədər heyvanı qarayaraya qarşı peyvənd edir. 2000 hektaradək ərazi sözügedən xəstəlik mənbəyi olması ilə bağlı dezinfeksiya edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts