Tokio, 27 avqust, /AJMEDIA/
Gürcüstandakı gənc soydaşlarımız üçün Bolnisi rayonunda yay düşərgəsi, Kobuleti şəhərində isə “Yaşıl Dünya Naminə Həmrəylik İli – Gürcüstan” şüarı ilə təlimlər keçirilib.
AJMEDIA xəbər verir ki, Bolnisi rayonundakı “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Bolnisi Gənclərinin I Yay Düşərgəsi təşkil olunub.
Bolnisinin Tandzia kəndində təşkil edilən düşərgəyə rayonun 20 kəndindən 80-dək gənc və yeniyetmə qatılıb.
Açılış mərasimində mərkəzin icraçı direktoru Rezo Həsənov iştirakçıları salamlayıb və düşərgənin gələcək illərdə daha geniş tərkibdə təşkil olunacağı və ənənə halı alacağına əminliyini ifadə edib.
“Düşərgələrin uşaqların təlim-tərbiyəsi, səmərəli fəaliyyətə qoşulması baxımından əhəmiyyəti danılmazdır. Kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, bu isə öz növbəsində təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir”,- deyə Rezo Həsənov müsahibəsində qeyd edib.
Düşərgə iştirakçıları Tandzia kəndində yerləşən görkəmli ictimai xadim Sulxan-Saba Orbelianinin ev muzeyini ziyarət edib, orada sərgilənən tarixi eksponatlarla tanış olub, ətraf mühitin qorunması məqsədilə muzeyin ərazisində təmizlik aksiyası keçiriblər.
İştirakçılar müxtəlif mövzularda təqdimatlar hazırlayıb, milli musiqi və filmlərimizlə bağlı əyləncəli, intellektual oyunlar oynayıblar.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanın Kobuleti şəhərində “Yaşıl Dünya Naminə Həmrəylik İli – Gürcüstan” şüarı ilə ekologiya, ətraf mühitin qorunması, qlobal istiləşmə və layihəyazma üzrə üçgünlük təlimlər keçirilib.
Gürcüstanın müxtəlif şəhər və rayonlarından olan 20-dən artıq gənc və yeniyetmə iştirakçı əvvəlcə paytaxt Tbilisidə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, sonra Kobuletiyə yola düşüblər.
GAİM-in icraçı direktoru Murad Muradov açılış nitqində iştirakçılara təlimlər haqqında ətraflı məlumat verib, layihənin məqsəd və önəmini vurğulayıb. Bildirib ki, tədbirin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə, dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar öyrətməkdir.
Gürcüstanın “Eco Centre” təşkilatının təsisçisi Tinatin Mağedani tərəfindən keçirilən üçgünlük təlimlərin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.