Site icon AJMEDIA Azərbaycanca

Gürcüstan hökuməti milli azlıqlar üçün yeni təcrübə proqramını bərpa edib

Tokio, 29 mart , /AJMEDIA/

Gürcüstan hökuməti ölkədə “1+4” proqramı üzrə ali təhsil alan gənclər üçün dövlət qurumlarında təcrübə proqramına qeydiyyat başlayıb. Qeydiyyat aprelin 11-dək davam edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyi Aparatından məlumat verilib.

Təcrübə keçmək üçün vakansiyaların siyahısı “www.hr.gov.ge” saytında yerləşdirilib.

Bildirilib ki, proqramda ali məktəblərin III və ya IV kursunda təhsil alan, magistr və məzun olan azərbaycanlı, abxaz, osetin və digər millətlərin gəncləri iştirak edə bilərlər.

Proqramın məqsədi Gürcüstanda yaşayan etnik azlıq nümayəndələrini dövlət xidmətində fəaliyyətin özəllikləri ilə tanış etmək, gənclərin peşəkar bacarıqlarının inkişafı və son nəticədə onları vətəndaş cəmiyyətinə inteqrasiya prosesinə cəlb etməkdir.

Təcrübə proqramında iştirak imkanını müsabiqə əsasında əldə etmək mümkün olacaq. Xüsusi komissiya təcrübə keçmək istəyən gənclərin seçimini müəyyən edilmiş kriteriyalar əsasında həyata keçirəcək. Uğur qazanan namizədlər dövlət, yerli idarəetmə və publik hüquqi şəxs olan orqanlarda bir aydan altı ayadək təcrübə keçəcəklər.

Qeyd edək ki, Gürcüstanda milli azlıqları təmsil edən gənclər üçün dövlət idarələrində iş təcrübəsi proqramı 2017-ci ildən həyata keçirilir.

Pandemiya səbəbindən proqrama 2020 və 2021-ci illərdə qəbul elan olunmayıb.

Exit mobile version