Site icon AJMEDIA Azərbaycanca

GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

Tokio, 02 iyul, /AJMEDIA/

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti TNC25 beynəlxalq konfransı çərçivəsində GEANT Assosiasiyasının Böyük Britaniyanın Kembric şəhərində yerləşən ofisində olub.

Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib.

Nümayəndə heyəti institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və institutun baş mütəxəssisi Könül Əliyevadan ibarət olub.

Əsas məqsəd GEANT Assosiasiyasının texniki infrastrukturu, idarəetmə modeli və innovativ xidmətləri ilə daha yaxından tanış olmaq, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarət idi.

Görüş çərçivəsində akademik Rasim Əliquliyev və “EaPConnect” layihəsinin meneceri İrina Metyus arasında Azərbaycan elm və təhsil şəbəkə infrastrukturunun Avropanın akademik məkanına inteqrasiyasının sürətləndirilməsi, eləcə də GEANT ilə “AzScienceNet” arasında strateji əməkdaşlığın davam etdirilməsinə dair müzakirələr aparılıb.

Daha sonra nümayəndə heyəti GEANT-ın Data Mərkəzi və Şəbəkə İdarəetmə Mərkəzinin fəaliyyəti ilə əyani tanış olub, şəbəkənin etibarlılığını, davamlılığını və kibertəhlükəsizlik səviyyəsini təmin edən texnoloji platformalarla bağlı ətraflı məlumat əldə edib. Eyni zamanda, böyükhəcmli verilənlərin intellektual analizi, süni intellektin tətbiqi və idarəetmə sistemləri üzrə qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparılıb. Əldə olunan razılaşmaların gələcəkdə GEANT ilə birgə layihələrin həyata keçirilməsi, “Horizon Avropa” proqramlarında iştirak, eləcə də Süni İntellekt üzrə Xüsusi Qrupa institut alimlərinin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Exit mobile version