Gəncənin bombalanması Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini göstərir – Hərbi ekspert

Tokio, 11 Oktyabr, /AJMEDIA/

Gəncənin bombalanması Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini göstərir.

Bunu AJMEDIA-ya hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert qeyd edib ki, Ermənistan Birinci və İkinci Qarabağ müharibəsində yaşayış məntəqələrini bombalamaqla adını hərb tarixinin qara siyahısına yazdıran ölkələrdən biridir. Ermənistan Vətən müharibəsi zamanı cəbhədəki uğursuzluqlarını kompensasiya etmək üçün döyüşdə belə qadağan olunmuş silahlardan şəhər və rayonlarımızı ballistik raket zərbələrinə məruz qoyub:

“Vətən müharibəsi zamanı Gəncə bir neçə dəfə raket hücumuna məruz qaldı. Bu hücumlardan Gəncə şəhərinin mülki əhalisinə, o cümlədən şəhər infrastrukturuna ziyan dəydi. Əfsuslar olsun ki, ermənilərin bu hərbi cinayətlərinə bir çox ölkələr, beynəlxalq təşkilatlar hələ də adekvat reaksiya göstərməyib.

Gəncənin bombalanması Ermənistanın dövlət səviyyəsində terroru dəstəkləməsinin göstəricisidir. Keçən ilin bu günü Gəncənin atəşə tutulanda humanitar atəşkəs haqqında sənəd qüvvədə idi. Bu bir daha onu göstərir ki, Ermənistan 1992-ci ildə olduğu kimi, 2020-ci ildə də atəşkəsdən öz mənfur məqsədlərini həyata keçirmək üçün istifadə edir.

Bütün bunlar bir daha sübut edir ki, Ermənistan ordusu heç vaxt qaydalar çərçivəsində müharibə aparmaq fikrində olmayıb. Onlar dinc insanlara, mülki obyektlərə, evlərə məqsədli şəkildə zərbələr endirməklə beynəlxalq hüququn fundamental normalarını pozub. Bütün bunlar müharibə cinayətləri kimi araşdırılmalı və Ermənistan layiq olduğu cəzanı almalıdır.”

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistan tərəfindən Gəncə, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Ermənistan terorru nəticəsində həlak olan hər bir dinc sakinlə bağlı cinayət işləri açılıb, beynəlxalq məhkəmələrə, təşkilatlara müraciətlər olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts