Füzulidə “Şuşa zəfəri: dünənimiz, bu günümüz” adlı tədbir keçirilib

Tokio, 26 avqust , /AJMEDIA/

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Horadiz şəhər Muğam Mərkəzində “Şuşa zəfəri: dünənimiz, bu günümüz” adlı tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, Xocavənd Rayon İcra Hakimiyyətinin nümayəndələri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, I və II Qarabağ müharibəsi veteranları, qazilər iştirak ediblər.
AJMEDIA xəbər verir ki, rayonun “Qəhrəmanlar parkı”nda Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edən tədbir iştirakçıları ehtiramlarını ifadə edib, abidə önünə gül–çiçək dəstələri düzüblər. Toplantı zamanı erməni işğalçılarına qarşı aparılan mübarizədən, Zəfər tariximizdə xalqımızın mübarizə əzmindən ətraflı söhbət açılıb. İştirakçılar 1993-cü ilin 23-25 avqust tarixlərində Füzuli uğrunda gedən qızğın döyüşlərin baş verdiyi tarixi yerlərə baş çəkib, döyüş xatirələrini söyləyiblər. “Şuşa İli”nə həsr olunan kitab sərgisi və döyüşçü–fotoqraf Nurəhməd Vəliyevin Qarabağ müharibəsi tarixinə həsr olunmuş foto sərgisi maraqla qarşılanıb.
1993-cü ilin 24 – 25 avqust tarixlərində azğın düşmənə qarşı cəmi bir topla mübarizəni davam etdirən topçu zabit Ağabala Quliyevin, onun döyüş dostlarının şücaətindən bəhs edən Qarabağ müharibəsi veteranları onların qəhrəmanlığını yüksək dəyərləndiriblər. Fotosərgidə I Qarabağ müharibəsi tarixini, həmin dövrdə Füzuli uğrunda gedən döyüşləri özündə əks etdirən 100-dən çox tarixi fotolar, sənədlər nümayiş etdirilib.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əfsanə Quliyeva və digərləri Qarabağ müharibəsi tarixində Füzulinin qəhrəman övladlarının qəhrəmanlığından, Şuşa Zəfərimizə aparan yolun məhz Füzulidən başlamasından ətraflı bəhs edib, 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad olunmasını böyük qələbə, tarixi hadisə adlandırıblar.
Çıxış edən Qarabağ döyüşlərinin iştirakçısı olmuş döyüşçü-fotoqraf Nurəhməd Vəliyev, topçu zabit Ağabala Quliyev və başqaları 8 noyabr – Zəfər gününə aparan tarixi mübarizə yolu haqqında xatirələrini söyləyib, ordumuzun Şuşa Zəfərini Vətən müharibəsinin qızıl səhifəsi kimi dəyərləndiriblər.
Sonda konsert proqramı təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts