Futzal üzrə İspaniya millisi indiyədək keçirilmiş 11 Avropa çempionatının doqquzunda finalda mübarizə aparıb

Tokio, 18 yanvar, /AJMEDIA/

İndiyədək futzal üzrə Avropa çempionatı 11 dəfə təşkil olunub. 1996-cı ildə keçirilən ilk qitə birinciliyi Avropa futzal turniri adlandırılıb. Çempion statusu növbəti – 1999-cu ildə təşkil edilən yarışa verilib. Bununla belə, indiyədək 11 final matçı keçirilib.

AJMEDIA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, ən çox İspaniya millisi çempionluq sevinci yaşayıb. Bu komanda 7 dəfə kuboku başı üzərinə qaldırıb. İtaliya millisi isə 2 dəfə qitənin ən güclüsü olub. Rusiya və Portuqaliya hərəyə bir dəfə adını Avropanın ən güclüsü siyahısına yazdırıb.

Rusiya millisi 5 dəfə finalda yenilib. Ukrayna yığması isə 2 dəfə çempionluğun bir addımlığında dayanıb. İtaliya və Portuqaliya da hərəyə bir dəfə məğlubiyyəti dadıb. Maraqlı məqam odur ki, ən çox final həyəcanını İspaniya yaşayıb. Yeddi dəfə qalib gələn bu komanda iki dəfə meydanı gümüş medalla tərk edib.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək XII Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts