Fumio Kişida: Nüvə silahına malik ölkələr qoşulmadan nüvə silahı olmayan dünya mümkün deyil

Tokio, 9 yanvar, /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib ki, nüvə silahına malik ölkələr tərəfindən konkret addımlar atılmadan bu silahın olmadığı dünya mümkün deyil.

AJMEDIA xəbər verir ki, bu barədə Baş nazir NHK telekanalı ilə çıxışı zamanı bildirib.

“Yaponiya atom bombardmanına məruz qalan yeganə ölkə olaraq, nüvə silahının olmadığı dünyanın yaranması üçün səylərini davam etdirməlidir. Lakin nüvə silahına malik olan ölkələr tərəfindən hər hansı addım atılmayacağı təqdirdə indiki vəziyyət dəyişməyəcək. Mən bunu Yaponiyanın xarici işlər naziri vəzifəsini tutarkən başa düşdüm”, – deyə F.Kişida qeyd edib.

Nüvə Silahının Ləğvi Barədə Müqavilənin (NSLBM) əhəmiyyətini çox yüksək qiymətləndirən Baş nazir, bu silaha malik ölkələrin həmin sənədə qoşulmadığını da xatırladıb. “Nüvə silahına malik olan ölkələrin qatıldığı struktura gəlincə, biz hazırda Nüvə Silahının Yayılmaması Barədə Müqaviləni (NSBYM) qeyd edə bilərik. Düşünürəm ki, Yaponiya bu sənədi əsas götürərək, onu Nüvə Silahının Ləğvi Barədə Müqaviləyə yaxınlaşdırmağa çalışmalıdır”, – deyə Baş nazir əlavə edib.

Xatırladaq ki, NSLBM adlandırılan sənəd 2017-ci iyulun 7-də Nyu-Yorkda BMT üzvü olan 122 dövlət tərəfindən qəbul edilib. Sənədin qəbulu ilə bağlı danışıqlarda nüvə silahına malik olan Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransanın da nümayəndələri iştirak ediblər. Həmin sənəd ötən ilin yanvarında 50 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minib. Nüvə silahına malik olan ölkələr bu müqaviləyə qoşulmayıblar. Yaponiya da həmin müqaviləni imzalamayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts