Fumio Kişida hökumətdə və hakim partiyada kadr dəyişikliklərinə hazırlaşır

Tokio, 30 Sentyabr, /AJMEDIA/

Sentyabrın 29-da Yaponiya Liberal Demokratik Partiyasının (LDP) yeni sədri seçilən Fumio Kişida hökumətdə və hakim partiyada kadr dəyişikliklərinə hazırlaşır.

AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiya təhsil, idman, elm və texnologiyalar naziri Koiçi Haqiudanın hökumətdə aparılacaq dəyişikliklərdən sonra Nazirlər Kabinetinin baş katibi vəzifəsini tutacağı gözlənilir.

Xatırladaq ki, K.Haqiuda Ş.Abe Baş nazir olarkən Nazirlər Kabinetinin baş katibinin müavini vəzifəsində çalışıb.

Hökumətdə dəyişikliklər LDP-nin yeni sədri Nazirlər Kabinetinə rəhbərlik etməyə başladıqdan sonra aparılacaq. Xəbər verdiyimiz kimi, əksəriyyəti LDP-dən olan deputatların iştirakı ilə parlamentin növbəti iclası oktyabrın 4-nə təyin edilib və burada yeni Baş nazirin təsdiq ediləcəyi gözlənilir.

Bununla yanaşı, F.Kişidanın hakim partiyanın rəhbərliyində də kadr dəyişiklikləri aparacağı bildirilir. Belə ki, LDP-nin baş katibi vəzifəsinə sabiq iqtisadiyyatın bərpası naziri Akira Amarinin gətiriləcəyi gözlənilir. Xatırladaq ki, A.Amari Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədridir. LDP-nin baş katibi vəzifəsində o, 2016-cı ildən bu vəzifədə olan Toşihiro Nikaini əvəz edəcək. T.Nikai partiyadakı funksiyaları ilə yanaşı, rəsmi Pekin ilə əlaqələrin inkişafına cavabdeh idi və məhz onun səyləri ilə Çinin Sədri Si Cinpinin 2020-ci ildə Yaponiyaya səfəri barədə razılıq əldə edilib. Lakin koronavirus pandemiyası səbəbindən həmin səfər baş tutmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts