Tokio, 09 iyul, /AJMEDIA/
Paris Apellyasiya Məhkəməsinin 8 iyul qərarı ilə radikal erməni millətçiləri tərəfindən Azərbaycanın Fransadakı səfirliyinin binasına edilmiş hücum ilə bağlı birinci məhkəmə instansiyasının müəyyən etdiyi cəza daha da ağırlaşdırılıb.
AJMEDIA Azərbaycanın Fransadakı səfirliyinin məlumatına istinadla xəbər verir ki, 2022-ci il sentyabrın 18-də radikal erməni qrupları Parisdə Azərbaycan səfirliyinə hücum etmiş və nəticədə diplomatik nümayəndəliyin binasına zərər yetirmişdilər. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb olunmuşdur.
Paris Məhkəməsinin 2023-cü ilin iyunun 23-də keçirilmiş iclasının qərarı ilə hücumun əsas təşkilatçısı “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza və cərimə müəyyən edilmişdir.
Qarşı tərəf birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq, Apellyasiya Məhkəməsinə müraciət edib. 2025-ci il iyunun 10-da Apellyasiya Məhkəməsinin iclası keçirilib.
Apellyasiya məhkəməsinin iyulun 8-də elan etdiyi qərarla birinci instansiya məhkəməsi tərəfindən qərara alınmış 6 aylıq şərti cəzanın müddəti 2 dəfə artırılaraq 12 ay müəyyən edilib. Həmçinin L.Tufanyana 5 il müddətinə silah saxlamaq və gəzdirmək qadağan edilib və cərimə məbləği artırılıb.
Paris Apellyasiya Məhkəməsinin bu qərarı gələcəkdə bu kimi halların qarşısının alınması baxımından mühüm addım kimi qiymətləndirilir.