Site icon AJMEDIA Azərbaycanca

Ermənistanın Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməkdən başqa yolu yoxdur

Tokio, 2 avqust , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.
AJMEDIA xəbər verir ki, müxbirin 2020-ci ildəki sülh razılaşmasından sonra gərginliyin hələ də aradan qalxmaması, düşməniliyin davam etməsi barədə sualını cavablandıran dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin fərqli olacağını nəzərdə tuturmuş. Qeyd edib ki, Azərbaycan sülh üçün hazır olsa da beynəlxalq iştirakçılar tərəfindən heç bir təklif irəli sürülməyib. Yaranmış boşluğu aradan qaldırmaq üçün Azərbaycan Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başlayıb. Sonra sülh sazişinin prinsiplərini irəli sürüb. Buraya ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsiplər daxildir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi kimi çıxış edib. Bildirib ki, danışıqlar prosesi rəvan getməsə də Azərbaycan hələ də nikbindir. Çünki hazırda danııqlar iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal şəkildə aparılır.
Bu yaxınlarda Brüsseldə aparılan sülh danışıqlarının növbəti raundunun Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə aparan ümid kimi qarşılanması barədə sualını cavablandıran dövlətimizin baçısı qeyd edib ki, ümidli olmaq düzgün məsələdir. Çünki Brüsseldəki görüşlər Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. və əslində çox həssas məsələlərə toxunmaq imkanı yaradır.
Azərbaycan Prezidenti əlavə edib ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma və ən vacibi ərazi bütövlüyünü mübahisələndirən bütün iddialardan imtina tezliklə sülh variantının tapılmasına imkan verə bilər. Hətta bu məsələ ilin sonunadək həllini tapar.
Müxbirin “Avropa İttifaqı danışıqlar masasına nəyi gətirir?” – sualını cavablandıran dövlətimizin başçısı bildirib ki, Brüssel formatı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. Hhəmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilib.
Müsahibə zamanı Azərbaycan Prezidenti Rusiya-Ukrayna müharibəsi və bunun Azərbaycan ilə Ermənistanın ümumi razılığa gəlməsi üçün müəyyən imkan yaratması barədə suala aydınlıq gətirərk qeyd edib ki, Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. O vurğulayıb ki, əslində, prosesin kimin tərəfindən aparılacağı Azərbaycan üçün böyük fərq etmir. Əsa məsələ nəticənin əldə edilməsidir: “Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik”.
Müsahibə zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə göstərdiyi dəstək barədə sualı cavablandıran Prezident İlham Əliyev
ilkin olaraq Bakıdan İtaliyaya vahid boru kəməri sistemini qurmaq təşəbbüsünün irəli sürürüldüyünü xatırladıb. Qeyd edib ki, artıq iki ildən çoxdur Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib.
Dövlətimizin başçısı, həmçinin müxbirin Laçın dəhlizi və onun ətrafında yaranan gərginliklə bağlı sualını da ətraflı cavablandırıb.
Qeyd edib ki, Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında olduğu kimi fəaliyyətini davam etdirib. Azərbaycanın ekoloji fəallarının narazılığı isə Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Bu məsələyə aydınlıq gətirən Prezident İlham Əliyev deyib: “Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı”.
Müxbirin Laçın dəhlizinin heç vaxt baxlanmadığı barədə sualını təsdiq edən dövlətimizin başçısı bildirib ki, hazırda da hərəkət etmək azadlığı bloklanmayıb: “Aprelin 23-dən – sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib”.
Müsahibədə üzərində Qırmızı Xaçın emblemi olan yük maşınlarının qaçaqmalçılıqla məşğul olması məsələsini xatırladan Prezident İlham Əliyev nəticədə yol yenidən bağlandığını və Qırmızı Xaç Komitəsindən belə halara son qoyulmasının tələb olunduğunu xatırladıb. Azərbaycanın konstruktiv əməkdaşlıq barədə təklifinə zidd olaraq bu günə kimi də komitənin Qarabağdakı ofisinin Bakı ofisinə yox, İrəvandakı ofisə tabe edildiyini nümunə kimi göstərib. Bunun yolverilməz olduğunu vurğulayıb.
Müxbirin Azərbaycan Prezidentinin missiyasının nədən ibarət olması barədə sualını cavablandıran dövlətimizin baçısı xüsusi vurğulayıb ki, müharibədə qalib gəlmək onun həyatının, siyasi həyatının missiyası idi. Qeyd edib ki, biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Azərbaycan Prezidenti deyib: “Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq”.
Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Qarabağda yaşayan ermənilər digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər: “Bu, onların seçimidir… Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır”.
Müsahibənin ən çox diqqət çəkən məqamlarından biri də burada Prezident ilham Əliyevin ilk dəfə ermənilərə mesajla mürciət etməsidir. Həmin mesajda dövlətimizin başçısı ilk olaraq Azərbaycanın Ermənistanla sülh istədiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur. Lakin bildirib ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var.
Ermənilərə növbəti mesajını səsləndirən dövlətimizin başçısı onları hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etməyə çağırıb. Azərbaycanın tarixin qara səhifəsinin bağlamaq istədiyini, nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmədiyini vurğulayıb.
Həmçinin erməni icmasına müraciət edən Azərbaycan Prezidenti onları beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamağa çağırıb: “Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, – hazırkı və bundan əvvəlki “liderlər”, – onlara bütün bu müddət ərzində – müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar”.
Dövlətimizin başçısı vurğulayıb ki, Qarabağ erməniləri təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar: “Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.
Bəli, yalnız Qarabağ erməniləri deyil, hazırda bütün dünya Azərbaycan liderinin sözü ilə əməlinin bir olduğunu və həmişə bütünlüklə​ üst-üstə düşdüyünü çox yaxşı bilir.

Vüqar Ağayev

Exit mobile version