Enerji təhlükəsizliyinin aktual elmi-praktik problemləri və həlli yolları müzakirə olunub

Tokio, 2 Oktyabr, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti onlayn yığıncağı keçirilib.

AMEA-dan AJMEDIA-ya bildirilib ki, tədbirdə elmi müəssisələrin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin müdirləri, eyni zamanda, müvafiq dövlət qurumlarının nümayəndələri və nazirliklərin nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların məsul şəxsləri, Türkiyə, Almaniya, Danimarka və Norveçdən olan mütəxəssislər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları akademik Ənvər Nəhmədovun və professor Oqtay Nüsrətovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Onlayn iclasın gündəliyində yer alan ilk məsələ AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimovun və “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun baş elmi işçisi, AMEA-nın Alternativ və bərpa olunan enerji mənbələri üzrə elmi şurasının üzvü professor Nəriman Rəhmanovun “Enerji təhlükəsizliyinin aktual elmi-praktik problemləri və həlli yolları: bərpa olunan enerji mənbələri ilə paylanmış generasiyalı hibrid sistemlərin qurulması (Qarabağ-Zəngəzur zonası üçün mikrosistemlərdə Günəş və külək enerjisi ehtiyatlarından istifadə)” mövzusunda elmi məruzəsi olub.

Azərbaycan Respublikasında enerji təhlükəsizliyinin mövcud vəziyyətindən danışan akademik Arif Həşimov qeyd edib ki, ölkəmizdə bərpa olunan enerji mənbələri geniş spektrə malikdir.

AMEA-nın akademik-katibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin enerji məsələləri ilə bağlı müxtəlif illərdə imzaladığı sərəncamları və dövlət proqramlarını xatırladıb: “Ölkəmiz üçün taleyüklü əhəmiyyət kəsb edən bu sərəncamları rəhbər tutaraq, AMEA, Azərbaycan Respublikasının Energetika Nazirliyi, “AzərEnerji” ASC və digər aidiyyəti qurumlar tərəfindən bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir”.

Akademik Arif Həşimov qeyd edib ki, elektrik enerji sisteminin transformasiyasının ən vacib istiqamətlərindən biri də ucqar yerlərdə tələbatı ödəmək üçün böyük miqdarda bərpa olunan mənbələrə malik paylanmış generasiya texnologiyasının sürətlə tətbiq edilməsidir.

Professor Nəriman Rəhmanov öz növbəsində enerji təhlükəsizliyinin aktual elmi-praktik problemləri və həlli yolları, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları üçün bərpa olunan enerji mənbələrinin potensialının araşdırılmasının nəticələri barədə çıxış edib.

Alim bildirib ki, hazırda Qarabağ və Zəngəzurun coğrafi və iqlim şəraiti üçün xarakterik olan bərpa olunan enerji mənbələrinin qiymətləndirilməsinin təhlili aparılır. Onun sözlərinə görə, hava parametrlərinin uzunmüddətli ölçülərinin, eləcə də digər növ bərpa olunan enerji mənbələrinin təhlillərinin nəticələri göstərir ki, Qarabağ və Zəngəzur iqtisadi zonalarının rayonlarında ən çox enerji potensialı Günəş və külək enerjisidir. Bu zonalarda Günəş enerjisi mənbəyi külək enerjisi ehtiyatlarını xeyli üstələyir.

N.Rəhmanov, həmçinin ucqar yaşayış məntəqələrində özəl enerji təchizatı hibrid sisteminin yaradılmasının iş mərhələlərindən söhbət açıb.

İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-nin Elmi şurasının sədri akademik Rasim Əliquliyev bir neçə gün öncə BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışına istinad edərək, ölkə başçısının Qarabağı və Şərqi Zəngəzuru Yaşıl Enerji Zonası elan etməsi, Azərbaycanın azad olunmuş ərazilərinin bərpa olunan enerji potensialı barədə səsləndirdiyi fikirlərə diqqət çəkib.

Akademik Rasim Əliquliyev bildirib ki, qlobal iqlim dəyişiklikləri ilə bağlı müasir çağırışlar, eləcə də Prezidentin diqqət mərkəzində saxladığı yaşıl enerji siyasəti alimlərimizin qarşısında mühüm vəzilər qoyur və ölkəmizin enerji təhlükəsizliyi məsələlərinə kompleks yanaşmanı tələb edir. Alim qeyd edib ki, respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi, bərpa olunan enerji mənbələri ilə bağlı smart sistemlərin qurulması, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması, eləcə də kadr hazırlığının həyata keçirilməsi və s. kimi məsələlər “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi üzrə Milli Strategiyası”nın hazırlanması zərurətini qarşıya qoyur.

Bundan əlavə, akademik Rasim Əliquliyev enerji təhlükəsizliyinin aktual elmi-praktik problemlərinin, onların həlli yollarının müzakirəsi, həmçinin ölkəmizin bərpa olunan enerji potensialının multidisiplinar tədqiqi, bu sahədə fəaliyyət göstərən müvafiq tədqiqat qurumları ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə elmi-praktik konfransların, seminar və görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

Akademik, həmçinin vurğulayıb ki, ölkəmizin geopolitik maraqları, Prezidentin bu istiqamətdə yürütdüyü siyasət enerji təhlükəsizliyi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsini tələb edir.

Məruzə ətrafında aparılan müzakirələrdə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri akademik Adil Qəribov, Türkiyənin Qazi Universitetinin professoru Cengiz Taplamacıoğlu, akademiklər – Fikrət Əliyev, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri – Oktay Qasımov və Namiq Cəlilov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

İclasda aparılan müzakirələrin nəticələri və görülən işlər barədə AMEA-nın Alternativ və bərpa olunan enerji mənbələri üzrə elmi şurasının tədbirlər planının icrasına dair hesabatda məlumat verilməsi, müzakirə olunan elmi istiqamətlər üzrə qabaqcıl beynəlxalq elmi mərkəzlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu sahədə kadr hazırlığının həyata keçirilməsi, multidisiplinar elmi-tədqiqatların aparılması, həmçinin konfrans və seminarların təşkil edilməsi qərara alınıb.

Sonra akademik Adil Qəribovun “Praktiki neytron və nüvə reaktor fizikası. Nüvə enerjisinin istifadəsi: durum, problemlər və perspektivlər” kitabının, həmçinin fizika elmləri doktoru Cabir İsmayılov və fizika üzrə fəlsəfə doktoru Elmar Əsgərovun “Dalğalar və nüvə enerjisi” monoqrafiyasının nəşr olunması barədə vəsatət qaldırılması üçün qərarlar qəbul edilib.

Daha sonra akademik Məhəmməd Mehdiyevin və AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin 80 illik, AMEA-nın müxbir üzvləri Misir Mərdanovun 75 illik və Məsumə Məmmədovanın 70 illik yubileyləri ilə əlaqədar məsələlər müzakirə olunub. Bu barədə çıxış edən FRTEB-nin üzvləri hər bir yubilyarın elmimizə bəxş etdiyi mühüm töhfələrdən və nəcib insani keyfiyyətlərindən bəhs ediblər.

FRTEB-nin ümumi yığıncağı AMEA-nın Radiasiya Problemləri İnstitutunun vəsatətinə əsasən “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda respublika elmi-texniki konfransının keçirilməsi haqqında qərar qəbul edib. Bu barədə məlumat verən Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzv İslam Mustafayev qeyd edib ki, konfransın mövzusunu “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” sənədində icrası nəzərdə tutulan işlər təşkil edir.

Tədbirdə qəbul edilən digər qərarlara əsasən, AMEA-nın Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri və aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova, eləcə də institutun kiçik elmi işçisi və fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Asif Əsədov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam ediliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts