Energetika naziri Almatıda Qazaxıstan, Türkiyə və Macarıstan nazirləri ilə görüşüb

Tokio, 29 sentyabr , /AJMEDIA/

Energetika naziri Pərviz Şahbazovun Almatıda Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısı çərçivəsində bir sıra görüşləri olub.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, Qazaxıstanın energetika naziri Bolat Akçulakovla görüşdə TDT və ikitərəfli formatda enerji əməkdaşlığının prioritetləri nəzərdən keçirilib. Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsinin vacibliyi enerji təhlükəsizliyi və təşkilat çərçivəsində qarşılıqlı iqtisadi-ticari əlaqələrin inkişafı aspektində dəyərləndirilib.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Zəngəzur dəhlizi və digər perspektiv marşrutlarla Türkiyəyə elektrik enerjisinin ixracı və tranziti ilə bağlı məsələlər isə Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməzlə müzakirə mövzusu olub. Bildirilib ki, regional və beynəlxalq əhəmiyyətli Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının dərinləşdirilməsi üçün böyük imkanlar var. Həmçinin oktyabrda keçiriləcək ikinci Azərbaycan-Türkiyə Enerji Forumuna dair də fikir mübadiləsi aparılıb.
Nazir Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb. Görüşdə qlobal enerji bazarında cari vəziyyət, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarükünün artırılması, həmçinin Qara dəniz sualtı elektrik xətti layihəsində Macarıstanın iştirakından bəhs olunub. Peter Siyarto Macarıstanın yaşıl enerjinin inkişafı ilə bağlı əməkdaşlıq formatını təsdiqlədiyini və bu sahədə Azərbaycanın tərəfdaşı olmağa razılığını ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts