Tokio, 30 mart , /AJMEDIA/
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq yazıçısı Elmira Axundovanın “Ən böyük dissident elə mən özüm olmuşam! Heydər Əliyev və yaradıcı ziyalılar” ikicildliyinin təqdimatı olub.
Elmira xanım Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu kitab üzərində iş prosesindən bəhs edib: “Bir çox dillərə tərcümələri də nəzərə alsaq, mənim 50-dən çox kitabım çap olunub. İndi təqdim olunan kitablar Ulu Öndərin 100 illiyinə həsr edilib. Bu, çox böyük və geniş əhatəli mövzudur. Anar müəllim, Kamal Abdulla və başqaları da bu mövzuda yazıblar. Amma mən onların hamısını birləşdirmək qərarına gəldim. Bu nəşrlər Heydər Əliyev irsinin öyrənilməsində geniş və bilinməyən yeni səhifələri açır”.
Təqdimat mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq yazıçıları Anar, Kamal Abdulla, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Xalq artistləri Rasim Balayev, Xuraman Qasımova, Xalq rəssamı Fərhad Xəlilov iştirak ediblər.
Natiqlər Elmira Axundovanın əsərlərinin Heydər Əliyev irsinin öyrənilməsi üçün dəyərli mənbə olduğunu qeyd ediblər. Tədbirdə vurğulanıb ki, Heydər Əliyev yaradıcı insanlara həmişə xüsusi hərarətlə yanaşır, onların problemləri ilə maraqlanırdı. Çıxış edənlərin sözlərinə görə, müəllif görkəmli siyasətçinin milli mədəniyyətin inkişafındakı xidmətlərini hərtərəfli işıqlandırıb. Təqdimatda iştirak edənlər gənclərin Ümummilli Liderin keçdiyi böyük yolu öyrənməsi üçün nəşrlərdə Ulu Öndərin gənclik illərinə böyük diqqət yetirildiyini vurğulayıblar.
Qonaqlar Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycana sonsuz məhəbbəti sayəsində milli musiqimizin bütün dünyada tanındığını xüsusi qeyd ediblər. Ulu Öndərin hakimiyyəti illərində ölkəmizdə mədəniyyət sahəsinin bütün istiqamətləri inkişaf edib. O, xüsusi xidmətləri olan yaradıcı ziyalıların əməyini də yüksək qiymətləndirib.
Tədbirdə Xalq artistləri Murad Adıgözəlov, Xuraman Qasımova və digər mədəniyyət xadimləri musiqi kompozisiyaları ilə çıxış ediblər.
Nəşrlərdə Ulu Öndər Heydər Əliyevin əməyini yüksək qiymətləndirdiyi görkəmli mədəniyyət xadimləri ilə söhbətləri dərc olunub. Bu mükalimələrdə oxuculara təkcə Heydər Əliyevin obrazı və ya müəyyən digər xarakter cizgiləri deyil, həm də söhbətlərin müəlliflərinin özlərinin də bilinməyən tərəfləri təqdim olunur.