Elektron Təhlükəsizlik Xidməti media qurumlarını feysbukdan istifadə edərkən diqqətli olmağa çağırır

Tokio, 17 sentyabr , /AJMEDIA/

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti media qurumlarını feysbuk sosial şəbəkə hesablarında paylaşım edərkən diqqətli olmağa çağırır. Belə ki, feysbuk sosial şəbəkəsinin müəyyən etdiyi qayda və şərtlərə uyğun olmayan məlumatların paylaşılması həmin sosial şəbəkə hesablarının bloklanması ilə nəticələnə bilər.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, Elektron Təhlükəsizlik Xidməti bu həssas dönəmdə media qurumlarına feysbuk sosial şəbəkə hesablarının bloklanmasının qarşısını almaq üçün bəzi məzmunlarda məlumatları paylaşmamağı tövsiyə edir. Həmin məzmunlu məlumatlara şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, əlilliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi, şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması, nifrətə çağırış, təhqir və böhtan xarakterli, intihara yönləndirən, təşviq edən, intihar edən şəxsi təsvir edən paylaşımların edilməsi, zorakılığın təbliği və təşviqi, həmçinin sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımlar aiddir.
Qeyd edək ki, feysbukda istifadəçilər tərəfindən hər hansı qayda və şərtlərin pozulması halı baş verdikdə bu barədə istifadəçilərin feysbuk hesablarına və qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçt ünvanına bildiriş və xəbərdarlıq göndərilir. Həmin bildirişlər və xəbərdarlıqlarda qeyd edilən təlimatlara qısa zamanda əməl edildiyi təqdirdə hesabların bloklanmasının qarşısı alınır. Bu səbəbdən media qurumlarına tövsiyə edilir ki, feysbuk tərəfindən onların sosial şəbəkə hesablarına daxil olan bildirişlərə qarşı diqqətli olsunlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts