Elbrus İsayev: Asiya Universitetləri Sammiti beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından əlamətdar oldu

Tokio, 3 iyun , /AJMEDIA/

Yaponiyanın Naqoya şəhərində keçirilən Asiya Universitetləri Sammiti Naxçıvan Dövlət Universitetinin (NDU) bu regionun nüfuzlu ali təhsil ocaqları və şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından əlamətdar oldu.
AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində NDU-nun rektoru Elbrus İsayev deyib. Rektor bildirib ki, koronavirus pandemiyasının hələ də davam etdiyi hazırkı dünyada universitetlərə heç vaxt indiki qədər ehtiyac duyulmayıb: “Bu gün davam edən sammit özündə bir sıra proqramları birləşdirib. Asiya Universitetləri Sammiti keçirilən möhtəşəm zalın önündə dünyanın ən qabaqcıl şirkətlərinin texnoloji yenilikləri ilə tanış olmaq imkanı yaradılıb. Bu, texnoloji yeniliklərdən gələcəkdə mühəndislik, iqtisadiyyat, idarəetmə və tibb sahələrində sadəcə xidmət üçün deyil, eyni zamanda, tədris prosesində tətbiqi üçün də yeni imkanlar yaradır. Xüsusilə robototexnika ilə bağlı gördüyümüz yeni ixtiralar və patentlər gələcəkdə Naxçıvan Dövlət Universitetində yaradılmaqda olan yeni Texnoparkın laboratoriyalarında geniş tətbiq edilə bilər. Düşünürük ki, qabaqcıl Yaponiya şirkətləri tərəfindən burada təqdim edilən nanotexnologiyalarla bağlı yeni avadanlıq həmin şirkətlərin bizimlə gələcək əməkdaşlığına öz töhfələrini verəcək”.
Rektor əlavə edib ki, sammit çərçivəsində bir sıra şirkətlərlə gələcək əməkdaşlığın istiqamətləri barədə artıq razılıq əldə edilib. Belə ki, Çinin nüfuzlu “Huawei” və Yaponiyanın “Toyota”, “Hitachi”, “Fujifilm”, “Kawasaki” və “Nikon”sirkətləri ilə NDU-da yaradılan Texnoparkda rezident olmaları, həmçinin xəstəxana xidmətlərinə tibbi texnoloji dəstəyin göstərilməsi barədə razılıq əldə edilib. Sammitdə iştirak edən “Coruseria” şirkəti, Fugita Sağlamlıq Universiteti və Avstraliyanın Kvinslend Universiteti ilə doktorantura və postdoktorantura, müəllim mübadiləsi və tibb sahəsində əməkdaşlıq, “Elsevier” şirkəti ilə universitetin elmi fəaliyyətinin beynəlxalq aləmə çıxışı, nəsrlərin təkmilləşdirilməsi və professor-müəllim heyətinin məqalələrinin xaricdə dərc olunmasına dəstək, Qifu Universiteti ilə mühəndislik və dəqiq elmlər sahəsində əməkdaşlıq, Birləşmiş Millətlər Universitetinin Davamlılığın Qabaqcıl Tədqiqatları İnstitutu ilə ətraf mühit əlaqələrinin inkişafı və sosial xidmət sahələrində təcrübə mübadiləsi, “Times Higher Education” (THE) təşkilatı tərəfindən elm və beynəlmiləlləşmə, keyfiyyət və tədqiqat sahələrinin inkişafı strategiyasına dəstək göstərilməsi üçün əməkdaşlıq razılaşması əldə edilib. Bundan əlavə, “OECD” şirkəti, Naqoya Universiteti, “Nippon” Tibb Məktəbi və Bəsrə universiteti ilə elmi və tədris-təcrübə əlaqələrinin qurulması imkanlarının öyrənilməsi nəzərdə tutulur.
Sammitin ilk günündə NDU-nun nümayəndə heyəti “The Awards Asia” mükafatlarının təqdim olunması mərasiminə də qatılıb. Qeyd edək ki, elm aləmində geniş şəkildə “Ali təhsilin Oskarları” kimi tanınan THE mükafatları, 2019-cu ildə ilk dəfə xaricdə bu mötəbər tədbir keçirilməzdən əvvəl, 14 il ərzində Böyük Britaniya ali təhsil təqvimində xüsusi yer tutub.
Bildirilib ki, “İlin Liderlik və İdarəetmə Komandası” mükafatına Sinqapurun Nanyanq Texnoloji Universiteti, “İncəsənət Mükəmməlliyi və İnnovasiyalar” mükafatına Pakistanın Lahor İdarəetmə Elmləri Universiteti (LUMS), “İlin Beynəlxalq Strategiyası” mükafatına Türkiyənin İzmir Texnologiya İnstitutu, “Tələbələr üçün əla dəstək” mükafatına Teylor Universiteti, “İlin Tələbə Qəbulu Kampaniyası” mükafatına Dostluq Universiteti, “İlin Tədris və Öyrənmə Strategiyası” mükafatına HonKonq Politexnik Universiteti, “İlin texnoloji və ya rəqəmsal innovasiyası” mükafatına Burapha Universiteti, “İlin İş Yeri” mükafatına Seul Milli Universiteti, “DataPoints Araşdırma və İnkişaf Mükafatına” isə Savitribai Phule Pune Universiteti layiq görülüb.
THE təşkilatının Asiya-Sakit okean regionu üzrə prezidenti Simone Dilena qalibləri təbrik edib.
“Asiya Universitetləri Sammiti” iyunun 3-də işini yekunlaşdıracaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts