Döyüş meydanından ədalət kürsüsünə: Ermənistanın beynəlxalq məhkəmədə cavab verməsinin vaxtı çatıb

Tokio, 7 Noyabr, /AJMEDIA/

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində həm ərazi bütövlüyümüz bərpa olundu, həm də regionda yeni reallıqlar yarandı. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik”.
Həmin şanlı Qələbənin bir illiyi ərəfəsində bir daha o günlərə qısa tarixi ekskurs etməklə yanaşı, postmüharibə dövründə atılan addımlara da diqqət yetirməyi vacib sayırıq.
AJMEDIA xəbər verir ki, bu fikirlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun “Döyüş meydanından ədalət kürsüsünə: Ermənistanın beynəlxalq məhkəmədə cavab verməsinin vaxtı çatıb” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

18 illik uğurlu siyasətin bəhrəsi

Vətən müharibəsində şanlı Qələbə əldə etməyimiz heç də təsadüfi deyil. Bu Qələbənin arxasında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən uzaqgörən daxili və xarici siyasət dayanır.
Məlum olduğu kimi, müharibəyə qədərki dövrdə Prezident İlham Əliyev birmənalı olaraq ən müxtəlif platformalarda, yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırır, qətiyyətlə müdafiə edirdi.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə, eyni zamanda, ölkəmizin milli gücünün artırılması üçün ardıcıl siyasət həyata keçirilirdi ki, bu da ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün artırılmasına hesablanmışdı. Bu dövrdə dövlətimizin başçısının dönməz siyasi iradəsi ilə reallaşan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Beləliklə, iqtisadi müstəqilliyə nail olan ölkəmiz əldə edilən iqtisadi uğurlardan səmərəli istifadə etdi. Məhz bunun nəticəsi olaraq Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və torpaqlarını işğaldan azad etməyə qadir olan güclü ordu qurmağa nail oldu. Elə bir ordu ki, 44 günlük Vətən müharibəsində sərgilədiyi döyüş taktikası, malik olduğu müasir silah-sursat, ən əsası isə yüksək vətənpərvərlik ruhu ilə dünya tarixində yeni bir səhifə açdı. Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüşlə işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.

Qələbənin qəhrəmanları

İndi isə artıq Vətən müharibəsindəki şanlı Qələbəmizin bir ili tamam olur. Azərbaycan dövləti bu bir ildə istər quruculuq-bərpa işlərində, istərsə də müharibə iştirakçılarının, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi sahəsində başqa ölkələrin 10, bəlkə də 20 ilə görə bilmədikləri işlər görüb, layihələr reallaşdırıb.
Təbii ki, bu məsələdə ilk növbədə müharibənin əsas qəhrəmanları ilə bağlı atılan addımlar ilk sırada dayanır. Bu gün Azərbaycan cəmiyyətində şəhidlərimizin xatirəsi uca tutulur, onların ailələrinə, o cümlədən hərbçilərə, müharibədə bu və ya digər dərəcədə bədən xəsarəti alan yaralılara hərtərəfli diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə Ordumuzun çoxlu sayda əsgər və zabiti yüksək dövlət təltiflərinə layiq görülüb.
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı iş aparılır, dövlət tərəfindən bu şəxslər mənzil və avtomobillərlə təmin olunurlar. Şəhid ailələri üzvlərinin, qazilərin məşğulluğunun təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Bundan başqa, Prezident İlham Əliyev 2021-ci il 25 avqust tarixində “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, eləcə də ölümündən sonra həmin ada layiq görülmüş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsi həyata keçiriləcək.

Böyük Qayıdışa doğru…

Postmüharibə dövründə qısa zaman ərzində atılan addımlar, reallaşdırılan layihələr işğaldan azad olunmuş ərazilərin bərpası və o ərazilərə Böyük Qayıdışın təmin olunması üçün zəruri infrastrukturun qurulması istiqamətini də əhatə edir. Yəni, Azərbaycan dövləti müharibə dövründə göstərdiyi qətiyyəti postmüharibə dövründə də sərgiləyir. Cəmi bir il ərzində bəhs olunan ərazilərdə böyük maliyyə tutumuna malik layihələrin uğurla tamamlanması onu deməyə əsas verir ki, ölkəmiz Böyük Qayıdışla bağlı hədəflədiyi məqsədlərə tam nail olacaq.
Hazırda həmin ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması, üç beynəlxalq səviyyəli hava limanının inşası, müasir infrastruktur quruculuğu çərçivəsində enerji təchizatı obyektlərinin yaradılması və s. işlər həyata keçirilir. Prezident İlham Əliyev oktyabrın əvvəlində işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışına qatılıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı kənd” layihələri də xüsusi vurğulanmalıdır. Məlum olduğu kimi oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını edib, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Görüləcək işlər sırasında Zəngəzur dəhlizinin yaradılması isə xüsusən siyasi, coğrafi və tarixi əhəmiyyət kəsb edir. Bəlli olduğu kimi oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün mühüm bir addım atdılar. Belə ki, prezidentlər Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular.
Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Buna görə də həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır.

Cinayət və cəza: Ermənistanın beynəlxalq məhkəmədə cavab verməsinin vaxtı çatıb

Müharibədə düşməni məğlub edən, tarixi ədaləti döyüş meydanında bərpa edən Azərbaycan həmişə olduğu kimi, yenə də regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Bu səbəbdən də hazırda həm də beynəlxalq hüquq çərçivəsində ədalətin bərpasına çalışır, Ermənistanın törətdiyi müharibə cinayətlərinə, dinc əhalinin qətliamına görə cavab verməsinə çalışır. Bəlli olduğu kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair Prezident İlham Əliyevin tapşırığı ilə dövlətlərarası ərizə hazırlanaraq 2020-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib. Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür.
Bununla yanaşı, 2020-ci ilin iyul ayında Ermənistan Respublikasının silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə əksini tapıb.
Azərbaycan Respublikasının şanlı Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlərlə atəşə tutması, bunun nəticəsində 100-ə yaxın dinc sakinin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə, Tərtər və Bərdə kimi şəhərlərdə, onlarla kənddə yüzlərlə evin dağıdılması, əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilib.
Ərizədə, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum olduğu vurğulanır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilmiş sənəddə vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.
Azərbaycan tərəfindən cari ilin yanvar ayında İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi və təfsiri ilə əlaqədar Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində də iş qaldırıb.
İddiaçıya görə, “Ermənistan milli və etnik mənşəyinə görə (İrqi-Seçkiliyin Aradan Qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyadakı məna çərçivəsində) azərbaycanlılara qarşı silsilə ayrıseçkilik (diskriminant) hərəkətləri görüb və görməyə davam edir.
Müraciətçi iddia edir ki, Ermənistan birbaşa və dolayı yollarla etnik təmizləmə siyasətini həyata keçirir, irqçi təbliğat apararaq və nifrət nitqi ilə azərbaycanlılara qarşı nifrəti və etnik zorakılığı qızışdırır və bu, həmçinin hökumətin ən yüksək səviyyələrində aparılır.
2020-ci ilin payızında başlayan hərbi əməliyyatlar dövrünə toxunaraq Azərbaycan iddia edir ki, “Ermənistan bir daha azərbaycanlıları etnik nifrətdən qaynaqlanan qəddar rəftar” üçün hədəf alıb.
Azərbaycan iddia edir ki, “Ermənistanın etnik təmizləmə, mədəniyyəti silmə və azərbaycanlılara qarşı nifrətin qızışdırılması siyasəti və apardığı digər işlər Beynəlxalq Konvensiyaya (CERD) zidd olaraq sistematik şəkildə azərbaycanlıların hüquq və azadlıqlarını, eləcə də Azərbaycanın öz hüquqlarını pozur.
Azərbaycan tərəfi qeyd edir ki, Ermənistanın Azərbaycan əleyhinə ayrı-seçkilik siyasəti və hərəkətləri insan haqlarının və azərbaycanlıların fundamental haqlarının zədələnməsi və yox edilməsi məqsədi və təsirinə sahib olub ki, bu da CERD-in 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci maddələrinin pozulması deməkdir.
Əlavə edilir ki, tərəflərin Azərbaycanın iddialarını həll etmək üçün danışıqlar aparmaq cəhdləri son on ayda çıxılmaz vəziyyətə düşüb. Buna görə də Azərbaycan məhkəməni CERD pozuntuları çərçivəsində Ermənistanı bu məsələdə cavabdeh tutmağa çağırır.
Bir sözlə, Ermənistanın beynəlxalq məhkəmədə cavab verməsinin vaxtı çatıb və inanırıq ki, dövlətimizin başçısının apardığı uğurlu xarici siyasətin, incə diplomatiyanın nəticəsində o gün çox da uzaqda deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts