Dövlət dəfn mərasimi zamanı Şinzo Abenin xatirəsini 25 mindən çox insan anıb

Tokio, 28 sentyabr , /AJMEDIA/

Sabiq Baş nazir Şinzo Abenin sentyabrın 27-də Tokionun mərkəzində təşkil edilən dövlət dəfn mərasimi zamanı onun xatirəsini 25 mindən çox insan anıb.
AJMEDIA xəbər verir ki, bu barədə sentyabrın 28-də Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibinin müavini Yoşihiko İsozaki məlumat verib.
Xəbər verdiyimiz kimi, Ş.Abenin dövlət dəfn mərasimi Yaponiya paytaxtının mərkəzində yerləşən “Nippon Budokan” idman arenasında keçirilib. Sabiq Baş nazirlə vidalaşma mərasimində təqribən 700 əcnəbi qonağın da daxil olduğu 4500-dək rəsmi nümayəndə iştirak edib. Onların arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Hindistanın Baş naziri Narendra Modi, Avstraliyanın Baş naziri Entoni Albaneze, Sinqapurun Baş naziri Li Syan Lun, Avropa Şurasının rəhbəri Şarl Mişel, Cənubi Koreyanın Baş naziri Han Dok Su, Çin Xalq Siyasi Məsləhətləşmə Şurasının sədr müavini Van Qan, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Tokiodakı diplomatik korpusun rəhbərləri də olub.
Adi vətəndaşlar üçün “Nippon Budokan” arenasının yaxınlığında iki stend quraşdırılıb. Arzu edənlər Ş.Abenin portreti yerləşən həmin stendlərin qarşısına çiçək dəstələri düzərək onun ruhuna dua ediblər. Lakin bu stendlərə yaxınlaşmaq üçün müvafiq nəzarətdən keçmək və uzun növbəyə durmaq lazım gəlib.
Xatırladaq ki, sabiq Baş nazir Şinzo Abe Nara şəhərində parlamentə seçkilər ərəfəsində təşkil edilmiş mitinq zamanı qətlə yetirilib. İyulun 12-də Zogogi məbədində buddist qaydalarına uyğun olaraq ailə üzvlərinin və yaxın şəxslərin iştirakı ilə dəfn mərasimi keçirilib. Bundan sonra onun cəsədi kremasiya edilib. Yaponiya qarşısında xidmətləri nəzərə alınaraq hökumət sentyabrın 27-də Ş.Abenin dövlət dəfn mərasiminin təşkili barədə qərar qəbul edib. Lakin bu qərar ölkə vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts