“Dilçilik araşdırmaları” jurnalının yeni redaksiya heyəti təsdiqlənib

Tokio, 11 yanvar, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan məlumat verilib. İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən “Dilçilik araşdırmaları” jurnalının yeni redaksiya heyətinin tərkibinin təsdiq edilməsi barədə məsələni diqqətə çatdırıb. Nadir Məmmədli bildirib ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğundur.

İclasda “Dilçilik araşdırmaları” jurnalının redaksiya heyətinin tərkibi təsdiq edilib. Professor Nadir Məmmədli jurnalın baş redaktoru, professor İsmayıl Məmmədli baş redaktorun müavini, Könül Mirzəyeva isə məsul katibi təsdiq olunub.

Professorlar Qəzənfər Kazımov, İsmayıl Kazımov, filologiya elmləri doktorları İdris Abbasov, İlhami Cəfərsoy, Nərgiz Hacıyeva, Sevinc Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Aynel Məşədiyeva, Baba Məhərrəmli, Kifayət İmamquliyeva, Rasim Heydərov, Ruslan Abdullayev, Təranə Şükürlü, Teyyub Quliyev, Aytən Bəylərova jurnalın redaksiya heyətinin tərkibinə seçiliblər.

Jurnalda müasir Azərbaycan dilçiliyi, türkoloji dilçilik, nəzəri və tətbiqi dilçilik, tarixi və müqayisəli dilçiliyin tədqiqinə aid müxtəlif məqalələrin nəşri nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts