Site icon AJMEDIA Azərbaycanca

Daşkənddə keçirilən xeyriyyə tədbirində Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib

Tokio, 9 mart , /AJMEDIA/

Daşkəndin Toxuculuq və Yüngül Sənaye Universiteti 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtın “Tanho Grand Restaurant” restoranında xeyriyyə tədbiri keçirib.

AJMEDIA xəbər verir ki, xeyriyyə tədbirində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) nümayəndəsi Yusif Məmmədov, universitetin professor-müəllim heyəti, əlil tələbələr iştirak ediblər.

Universitetin kafedra müdiri, professor Feruza İkramxanova Özbəkistan dövlətinin əlillərə qayğısından danışıb, müntəzəm olaraq bununla bağlı müxtəlif tədbirlərin keçirildiyini bildirib. O, çalışdığı universitetdə təhsil alan əlil tələbələrin diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

AMM-nin nümayəndəsi Yusif Məmmədov tədbir iştirakçılarını salamlayaraq Mədəniyyət Mərkəzinin Özbəkistanın şəhər və rayonlarındakı uşaq evləri üçün keçirdiyi xeyriyyə konsertləri və tədbirlər haqqında məlumat verib. Çıxışın sonunda Y.Məmmədov qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.

Özbəkistanın musiqi kollektivləri özbək və Azərbaycan dilində mahnılar, AMM-nin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa ediblər.

Exit mobile version