COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

Tokio, 16 noyabr, /AJMEDIA/

Bakıda COP29 çərçivəsində Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik liderlərin sammiti” keçirilir.

AJMEDIA xəbər verir ki, sammit COP29-un Elm, Texnologiya və İnnovasiya Günündə təşkil olunub.

İştirakçılar arasında 20 qlobal kosmik agentliklərin rəhbər heyəti, beynəlxalq təşkilatlar, BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Beynəlxalq Astronavtika Federasiyası, Millətlər Birliyi, o cümlədən özəl sektorun rəhbər və işçi heyəti yer alıb.

“Azərkosmos”un İdarә Heyәtinin sәdri Saməddin Əsədov çıxışı zamanı bildirib ki, tədbirdə beynəlxalq kosmik ictimaiyyətin 80-ə yaxın nümayəndəsi iştirak edir. Tədbirə Yaponiya, ABŞ, Bəhreyn Krallığı, Braziliya, Çin, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyanın kosmik agentliklərinin rəhbər heyəti, BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası və Millətlər Birliyi təşkilatının rəhbərləri qatılıb. Sammitin məqsədi qlobal və inkişaf etməkdə olan kosmik agentliklərlə birgə kosmik texnologiyanın imkanlarının iqlim dəyişikliyinə necə töhfə verməsini təşviq etmək və sammit çərçivəsində birgə atılacaq addımları formalaşdırmaqdır.

Kosmik agentliklərin zirvə toplantısı hesab olunan bu sammitin əsas mahiyyəti qlobal və inkişaf etməkdə olan kosmik agentliklər arasında kosmik texnologiyanın imkanlarından yararlanmaqla iqlim dəyişikliyinə töhfə verilməsi üçün təşviqat aparmaq və sammit çərçivəsində birgə addımları formalaşdırmaqdır.

Qeyd edək ki, müzakirələrin nəticəsi olaraq 20 qlobal kosmik agentliyin “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd” sənədi imzalanacaq. Bu, COP28 tədbirində kosmik agentliklərin görüşündə qəbul edilən öhdəlik sənədinin bir növ davamı olacaq və növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və səmərəli şəkildə yumşaltmağın həlledici yollarını müəyyənləşdirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts