Çinin Sincan bölgəsində sərt hava 7 nəfərin ölümünə səbəb olub

Tokio, 29 noyabr , /AJMEDIA/

Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunda havaların anidən soyuması nəticəsində 7 nəfər ölüb.
AJMEDIA xəbər verir ki, ölüm halları son 10 ilin ən soyuq noyabr günlərinin müşahidə olunduğu Altay şəhərində qeydə alınıb. Güclü külək və qar fırtınası ilə müşayiət olunan şaxtalı havada G217 magistral yolunda 8 nəfərlə əlaqənin kəsilməsi barədə yerli polis bölməsinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan polislər və xilasedicilər təxminən 12 saat davam edən axtarışdan sonra itkin düşənləri donmuş vəziyyətdə taparaq xəstəxanaya çatdırsalar da, onlardan yalnız bir nəfəri sağ olub.
Qeyd edək ki, son günlər Çinin şimal hissəsində havanın temperaturu mövsüm normasından 8-10 dərəcə Selsi aşağı düşüb. Ölkənin Meteorologiya Xidməti bununla əlaqədar dördpilləli cədvəl üzrə 2-ci dərəcə xəbərdarlıq elan edib. Soyuq hava kütlələrinin Çinin şimal bölgələrindən başqa, mərkəzi və cənub zonalarında da havanın temperaturunun 20 dərəcəyədək aşağı düşməsinə səbəb olacağı proqnozlaşdırılıb. Əhaliyə və müvafiq qurumlara bu cür hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq, xüsusən də havanın hərarətinin aşağı düşməsinin kənd təsərrüfatına mənfi təsirlərinə qarşı tədbirlər görmək tövsiyə olunub.
Paytaxt Pekində də noyabrın 28-dən 29-na keçən gecə havanın temperaturu +13 dərəcə Selsidən -3 dərəcə Selsiyədək 1 enib. Bu cür şaxtalı hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts