Tokio, 5 aprel , /AJMEDIA/
Ötən sutka Çində COVID-19 virusuna 16 min 412 yoluxma, o cümlədən 15 min 239 asimptomatik hal qeydə alınıb. Bu, pandemiya dövründə Çində qeydə alınan sutkalıq ən yüksək rəqəmdir. Bundan əvvəlki antirekord COVID-19 böhranın ağır vaxtında – 2020-ci il fevralın 12-də (14 min 108 yoluxma) qeydə alınmışdı.
AJMEDIA Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, virusa yoluxma halları 28 vilayət üzrə 84 şəhərdə aşkarlanıb. Hazırkı “omikron” dalğasında yoluxmaların ən çox aşkarlandığı bölgə Çinin əhali sayına görə ən iri şəhəri olan Şanxaydır. Ötən gün şəhərdə 13 min 354 hal aşkarlanıb ki, bu da Şanxay üçün antirekord göstəricidir. Şanxayda yoluxmaları nəzarət altına almaq üçün iki mərhələdə tam qapanma tətbiq olunub və təxminən 26 milyon sakin bir neçə dəfə PZR və sürətli antigen testi verib. Aprelin 4-də isə bütün şəhər üzrə kütləvi test prosesi həyata keçirilib.
Yoluxmaların çoxalmasını nəzərə alan şəhər hökuməti yaşayış məhəllələrində tətbiq olunan qapanma rejimini qeyri-müəyyən müddətə uzadıb. Kütləvi test prosesinin bütün nəticələri təhlil edildikdən sonra qapanmanın gedişi ilə bağlı qərar veriləcək. Həmin vaxta qədər sakinlər tibbi ehtiyaclar istisna olmaqla, evlərini tərk edə bilməzlər.
Müalicə və təcrid rejimində olan pasiyentlərə nəzarət, habelə kütləvi test prosesinin icrası üçün Çinin müxtəlif şəhərlərindən Şanxaya 38 min tibb işçisi, o cümlədən hərbi həkimlər cəlb olunub. Şəhərdəki idman və sərgi salonları uyğunlaşdırılaraq simptomsuz və yüngül simptomlu xəstələri qəbul edir. Təkcə Şanxay Yeni Beynəlxalq Sərgi Mərkəzində 15 min çarpayı quraşdırılıb. Bundan başqa, bir neçə yerdə mobil xəstəxana inşa edilib.
Virusa yoluxanlarla təmasda olan təxminən 200 min nəfər də tibbi nəzarət altındadır.
Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində virusa yoluxmalar davamlı olaraq çoxalır. Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 pandemiyası ilə ikinci böyük mübarizəsi hesab edirlər. Yoluxuculuq qabiliyyəti daha yüksək olan, amma daha az hospitalizasiyaya səbəb olan “omikron” ştamına görə dominant ölkələrin çoxu “Virusla birgə həyat” strategiyasını tətbiq edərək, qapanmalar da daxil olmaqla karantin qaydalarını maksimum dərəcədə yumşaltsa da, Çin “Sıfır COVID” və ya “Virussuz həyat” prinsipinə sadiq qalaraq, infeksiyanın yayılmasını tam nəzarət altına almağa çalışır.