Ceyhun Bayramov: İkitərəfli münasibətlərimizin mövcud səviyyəsi xalqlarımızın iradəsinə və iki ölkə liderinin qardaşlıq münasibətlərinə söykənir

Tokio, 6 iyun , /AJMEDIA/

Bu il Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının, daha doğrusu, bərpasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlət qardaş Türkiyə Respublikası olub. Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin mövcud səviyyəsi xalqlarımızın iradəsinə və iki ölkə liderinin qardaşlıq münasibətlərinə söykənir.
AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dost və qardaş ölkələrlə diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə Ankarada təşkil olunan tədbirdə çıxış edərkən deyib.
Çıxışının əvvəlində qardaş ölkənin beynəlxalq adının xarici dillərdə də “Türkiye” olaraq dəyişdirilməsi münasibətilə təbriklərini çatdırıb. Nazir bildirib ki, qardaş ölkənin beynəlxalq adının “Türkiye” olaraq dəyişdirilməsi türk millətinin mədəniyyətinin və dəyərlərinin ən yaxşı şəkildə təqdim olunmasıdır.
Azərbaycanın qardaş Türkiyənin ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini tam dəstəkləməsini, xüsusən də 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı dönəmdə tam siyasi dəstəyini çox yüksək qiymətləndirdiyini vurğulayan Ceyhun Bayramov bildirib: “Türkiyə millətinin ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarına uyğun olaraq ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edərək tarixi Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinədək ucalıb. Çox böyük siyasi və iqtisadi potensiala malik Türkiyə-Azərbaycanın qardaşlığı və müttəfiqliyi bölgəmizdə sülhə, əmin-amanlığa və iqtisadi tərəqqiyə xidmət edir. Ölkələrimizin bilavasitə iştirakı ilə nəhəng regional layihələrin həyata keçirilməsi iqtisadi-ticari əlaqələrimizin inkişaf etdirilməsi ilə yanaşı, Azərbaycanı və Türkiyəni bölgədə enerji və nəqliyyat-logistika mərkəzlərinə çevirib. Bu illər ərzində həyata keçirilən nəhəng Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələri Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və bir sıra digər layihələr xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”.
Nazir bildirib ki, bütün bunlarla yanaşı, çoxtərəfli platformalarla da uğurlu birgə işlər görülüb, layihələr həyata keçirilib. Ceyhun Bayramov beynəlxalq təşkilatlar çərçivəsində çoxsaylı uğurlar arasında Türk Dövlətləri Təşkilatı daxilində həyata keçirilən yüksək səviyyəli görüşləri, qəbul edilmiş qərarları və onların icrasının geniş coğrafiyada sülh, tərəqqi və əmin-amanlığa xidmət etməsini xüsusi vurğulayıb. “Türkiyənin uğurlu inkişafı, dünya miqyasında lider dövlətlərdən birinə çevrilməsi Azərbaycan xalqını məmnun və xoşbəxt edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir. Yalnız son bir ay ərzində iki liderin iştirakı ilə həyata keçirilən tədbirlər – mayın 14-də dəniz üzərində inşa edilən nadir Rize-Artvin hava limanının açılışı, mayın 28-də Bakıda baş tutan möhtəşəm “TEKNOFEST Azərbaycan” festivalı, dövlət başçılarının həmin tədbirlərdə çıxışları, qəbul edilən qərarlar artıq iki ölkə arasında münasibətlərin hansı səviyyədə olmasını göstərir. Mən tam əminəm ki, xalqlarımızın maraqlarına uyğun olaraq Türkiyə-Azərbaycan qardaşlığı yüksələn xətlə inkişaf edəcək və daimi olacaq. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı!”, – deyə Azərbaycanın xarici işlər naziri bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts