“Caspian Energy Club”un nümayəndələri Naxçıvanda səfərdə olublar

Tokio, 17 may , /AJMEDIA/

“Caspian Energy Club”un nümayəndələri muxtar respublikada səfərdə olublar. Səfər çərçivəsində qonaqlar Naxçıvan Biznes Mərkəzində Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının bir sıra sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüşüblər.
AJMEDIA xəbər verir ki, sahibkarlarla görüşdə çıxış edən “Caspian Energy Club”un İdarə Heyətinin sədri, baş icraçı direktor Telman Əliyev Naxçıvanın sənaye, kənd təsərrüfatı və logistika potensialına malik, sürətlə inkişaf edən diyar olduğunu bildirib. Təmsil etdiyi qurum barədə də ətraflı məlumat verən baş icraçı direktor qeyd edib ki, “Caspian Energy Club” Xəzər, Qara dəniz və Baltikyanı region dövlətlərinin ərazisində fəaliyyət göstərən dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən iri və dinamik inkişaf edən regional təşkilatdır. 2002-ci ildən fəaliyyət göstərən qurumun məqsədi dövlət qurumları ilə sahibkarlar arasında ünsiyyət yaratmaq və sahibkarların problem və təkliflərini dövlət təşkilatları ilə müzakirə etmək, bununla bərabər, təcrübə və kommunikasiya platforması qurmaqdan ibarətdir. Ölkənin digər regionlarında fəaliyyət göstərən klub üzvlərinin Naxçıvana səfəri də məhz elə həmin məqsədə, təcrübələrin öyrənilməsinə və fəaliyyətlərində tətbiqinə yönəlib. Bu görüşlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur. Bu da digər regionlardakı sahibkarlıq subyektlərinin muxtar respublikada göstərilən xidmətlərlə tanışlığında mühüm rol oynayır.
“Caspian Energy Club”un Naxçıvan iqtisadi rayonu üzrə rəhbəri, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin müşahidə şurasının sədri Əsədulla İsgəndərov çıxışında vurğulayıb ki, 2008-ci ildən etibarən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublika sahibkarlarına müxtəlif maliyyə xidmətləri göstərir. Həmin xidmətlərə müxtəlif təyinatlı və şərtlərlə verilən kreditlər, xüsusilə kredit xətləri, kooperativ kreditlər, kənd təsərrüfatı kreditləri, akreditiv bank qarantiyaları, ticarət və ixrac əməliyyatlarının maliyyələşdirilməsi, kiçik və orta biznesə verilən kreditlər və region üzrə kənd əhalisinin fərdi məşğuliyyətini təşkil etməsi üçün ailə təsərrüfatı kreditləri aiddir. Hazırda bankın kredit portfeli 161 milyon 284 min manat təşkil edir ki, bunun 31 faizi sənaye sahəsinə verilən kreditlərdir. Bankın əsas məqsədi ölkə iqtisadiyyatına, kənd təsərrüfatının inkişafına dəstək olmaq, idxal asılılığını azaldan biznesləri və ixracyönümlü sahibkarlığı maliyyələşdirməkdir. 2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan olunması bu sahədə işləri daha da genişləndirib, sənayeləşməni sürətləndirib. “Caspian Energy Club”la yaradılan əlaqələr və Naxçıvanın sürətli inkişafı kluba üzv olan sahibkarların diqqətini cəlb edib, muxtar respublika iqtisadiyyatına maraq yaradıb.
Tədbirdə Azərbaycanın digər regionlarının və Naxçıvanın bir sıra sahibkarlıq subyektlərinin nümayəndələri təmsil etdikləri şirkətlər barədə məlumat verib, təcrübələrini paylaşıblar.
Sonda “Caspian Energy Club”un üzvləri, ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri Naxçıvan Biznes Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə muxtar respublikada istehsal olunan 55 sahibkarlıq subyektinin 102 müəssisəsi tərəfindən 171 adda 1330 çeşiddə məhsul nümayiş olunur. İxrac potensialı yüksək olan istehsal məhsulları sahibkarların marağına səbəb olub. Naxçıvan Muxtar Respublikasında səfərdə olan qonaqlara “Badamlı” Mineral Sular Zavodunun və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin hədiyyələri təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts