Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar viza prosedurları sadələşdiriləcək – SƏRƏNCAM

Tokio, 10 may , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
AJMEDIA xəbər verir ki, Sərəncama əsasən, Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar ölkəmizə gələn və bu Sərəncamda göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il mayın 10-dan iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Viza verilməsi üçün Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart, 2022 Formula 1 Azərbaycan Qran-Prisinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri əsas hesab edilir.
Sərəncamda Xarici İşlər Nazirliyinə Qran-Pri ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, yarışla əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb. Dövlət Miqrasiya Xidmətinə isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2022 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək barədə tapşırıq verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts