Site icon AJMEDIA Azərbaycanca

Builki Davos Forumu dünyada baş verən gərgin geosiyasi proseslər fonunda keçirilir

Tokio, 18 yanvar , /AJMEDIA/

Bu gün dünya mətbuatının aparıcı xəbərlərini Davos İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlər zamanı baş verən hadisələr təşkil edir.
AJMEDIA xəbər verir ki, Forum 1971-ci ildə professor Klaus Şvab tərəfindən qeyri-hökumət təşkilatı kimi yaradılıb. İlk dəfə təşkilatın toplantısında Avropanın 450 böyük şirkətinin rəhbərləri iştirak edib və dünya iqtisadiyyatının perspektivlərini müzakirə ediblər.
Müasir dövrümüzdə dünyada yaranan yeni problemlər də Davos forumunun müzakirə predmetinə çevrilib. Məsələn, planetimiz üçün artıq təhlükəli həddə çatan ekoloji problemlər də forumun diskussiya mövzularından olur.
“Associated Press” yazır ki, bu ilki forum dünyada baş verən gərgin geosiyasi proseslərin, iqtisadi çətinliklər fonunda baş tutur. Forumda 52 dövlət və hökumət başçısı, 300 nazir, 2700-dən çox iri şirkət və təşkilat rəhbəri, ümumilikdə isə 130 dövlətin nümayəndələri iştirak edir.
“Reuters” yazır ki, bəzi dövlətlərin rəsmi nümayəndələri təşkilatçılardan adlarının açıqlanmamasını xahiş ediblər və bunu təhlükəsizlik məsələləri ilə ilə əlaqələndiriblər. Bu xahişlə Forumun təşkilat komitəsinə Çin, Rusiya və Ukrayna nümayəndələri müraciət ediblər.
Dünyanın aparıcı dövlətlərinin rəhbərləri – Çin Lideri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilin ən mühüm və beynəlxalq əhəmiyyət daşıyan tədbirində iştirak etməyəcəklər. Bundan başqa, Rusiya və Çin milyarderləri Forumda iştirak etməkdən imtina ediblər.
Yanvarın 20-də başa çatacaq Forumun açılışında çıxış edən Klaus Şvab bildirib ki, tədbir dünyada baş verən gərgin siyasi və iqtisadi problemlər fonunda keçirilir. Professor Forumda qlobal xarakter daşıyan mövcud problemlərin həlli üçün yolların tapılacağına ümidvar olduğunu vurğulayıb.

Exit mobile version