Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

Tokio, 22 may , /AJMEDIA/

Bu gün 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.

AJMEDIA xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi doqquz gün davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 22 may saat 11:00-dan etibarən 30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər.

Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.

Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts