Tokio, 23 may, /AJMEDIA/
Avropa İttifaqı Macarıstanın ümumi qərarın qəbulunu bloklamaqda davam edəcəyi halda belə, Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarına başlamağa imkan verəcək plan üzərində işləyir.
AJMEDIA xəbər verir ki, bu barədə “Eurointegration.com” nəşri məlumat yayıb.
Planın məqsədi Aİ hüququnun çevikliyindən maksimum istifadə etməkdir. Belə ki, yekdil qərar tələb olunmayan hallarda Ukrayna texniki və hüquqi addımlarla üzvlüyə doğru irəliləyə biləcək. Bütün üzvlərin razılığı tələb olunduğu sahələrdə isə Aİ-nin 26 üzv dövləti (Macarıstan istisna olmaqla) Kiyevlə “paralel danışıqlar” aparacaq.
Məqalədə qeyd olunur ki, əgər Macarıstanın Baş naziri Viktor Orbanı razılığa gətirəcək diplomatik səylər nəticə verməsə, bu mexanizmin avqust-sentyabr aylarında işə salınması mümkündür.
“Paralel danışıqlar” ideyasının əsas məqsədi gələcəkdə Budapeştin mövqeyi dəyişdikdə və ya ölkədə hakimiyyət dəyişikliyi baş verdikdə Kiyevin itirilmiş mərhələləri sürətlə bərpa edə bilməsidir.