Site icon AJMEDIA Azərbaycanca

Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib

Tokio, 29 yanvar, /AJMEDIA/

Artıq 3 ildən çoxdur ki, paytaxtımızda Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin – bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.

AJMEDIA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq keçən il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub. Layihənin tətbiqi və gedişatının monitorinqi məqsədilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir.

Layihənin tətbiqinin monitorinqi məqsədilə “Mott MacDonald” şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon paytaxtımıza gəlib. Qonaq Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində layihənin rayonlar üzrə tətbiqinin nəticələrini araşdırmış, mətbuat nümayəndələrinə bu barədə məlumat verərək jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Martin Saymon bildirib: “Layihə Bakı şəhərində sıfır mərhələsindən başlamasına baxmayaraq əldə olunan nəticələrini uğurlu saymaq olar. Bakı son illərdə xeyli inkişaf edib. Onun böyük əraziyə və mürəkkəb landşafta malik olmasına baxmayaraq şəhər çox təmizdir, təmizliyi göz qamaşdırır. Bundan əlavə, konteyner meydançalarına nəzər saldıqda burada da təmizliyin şahidi olduq. Layihə uğurla davam edir”.

Qonaq müqayisə üçün qeyd edib ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faiz olub. Bakının Nərimanov rayonunda isə 3 il ərzində layihə istiqamətdə görülən işlər nəticəsində bu rəqəm son vaxtlarda 30-32 faizə, çeşidlənmiş tullantıların yararlılığı isə 55-60 faizə çatıb, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Bu müsbət hallar layihəyə sonradan qoşulan digər 3 rayonda da əldə edilib.

Martin Saymon qeyd edib ki, müqavilənin tətbiqi ilə bağlı sakinlər arasında geniş maarifləndirmə və izahetmə işləri davam etdirilməlidir.

Qeyd olunmalıdır ki, ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə Prezident İlham Əliyevin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər Kommunal Təsərrüfatı Xidmətləri üçün müasir tələblərə tam cavab verən 57 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, onlardan fəal istifadə edilir.

Bildirilib ki, nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcəkdir.

Exit mobile version