Tokio, 21 sentyabr , /AJMEDIA/
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bu ölkənin “Chanel 4” telekanalında Azərbaycana qarşı daha əvvəl səsləndirilmiş iddialara cavab verib.
Səfirlikdən AJMEDIA-ya bildiriblər ki, E.Süleymanov telekanala müsahibəsində son atəşkəs anlaşmasının əsas məqamı kimi Azərbaycanın Qarabağ regionunda Ermənistan Respublikasının silahlı qüvvələrinin mövcudluğunu sübut etdiyini, hətta bu faktın Rusiya sülhməramlıları və separatçılar tərəfindən etiraf edildiyini vurğulayıb. Son üç ildə ermənilərin davamlı yalan bəyanatlarına baxmayaraq, Ermənistan Respublikasının qeyri-qanuni silahlı qüvvələrinin ölkəmizin suveren ərazisində olmasının regionda sabitliyə təhlükə törətməsi ilə əlaqədar Azərbaycanın haqlı olduğu diqqətə çatdırılıb.
Müsahibədə, həmçinin Qarabağda yaşayan erməni əhalinin sayının şişirdildiyi qeyd olunub və hazırda burada yalnız erməni əhalinin yaşamasının 1990-cı illərdə azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasətinin nəticəsi olduğu diqqətə çatdırılıb. Hələ də Azərbaycan ərazilərinə döşənmiş minalar səbəbindən yüz minlərlə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmədiyi vurğulanıb.
Ermənistanın yürütdüyü etnik təmizləmə siyasətindən fərqli olaraq Qarabağın erməni əhalisini Azərbaycana inteqrasiyaya dəvət edildiyi bildirilib. Çoxmillətli Azərbaycanda heç kimin etnik və dini mənsubiyyətinə görə təqib edilmədiyi vurğulanıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bütün vətəndaşların, o cümlədən erməni əsilli vətəndaşların faydalana biləcəyi qeyd edilib.
Müsahibə ilə ətraflı bu linkdən tanış ola bilərsiz:
https://www.channel4.com/news/nagorno-karabakh-we-want-to-break-this-cycle-of-history-says-ambassador-of-the-republic-of-azerbaijan