Bosniya və Herseqovinanın Baş müftisi erməni vandalizmi barədə məlumatlandırılıb

Tokio, 20 yanvar , /AJMEDIA/

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkənin İslam İcmasının Reisül-üləması (Baş müfti) Hüseyn Kavazoviç ilə görüşüb.
AJMEDIA xəbər verir ki, görüşdə V.Quliyev Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyənin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu vurğulayıb. Səfir Azərbaycan ilə Bosniya və Herseqovina arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün də həyatın bütün sahələrində, o cümlədən dini-mənəvi müstəvidə davamlı inkişaf etdiyini bildirib.
Diplomat Azərbaycanda bütün dinlər üçün bərabər yaşam imkanlarının mövcudluğu, müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşaması, ölkədə məscidlərlə bərabər, kilsələr, sinaqoqlar və digər ibadət yerlərinin də tikilməsi və təmir olunması barədə ətraflı məlumat verib. Ölkəmizdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini qeyd edib. V.Quliyev Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzinin xətti ilə keçirilən beynəlxalq forumlar barədə Baş müftini məlumatlandırıb və qarşı tərəfi QMİ sədri şeyxülislam Allahşükür Paşazadə adından bu kimi tədbirlərdə iştirak üçün ölkəmizə dəvət edib.
Səfir İkinci Qarabağ müharibəsi, onun ağır nəticələrindən danışıb, ermənilərin azad edilmiş torpaqlarımızdakı dini abidələri işğal dövründə məhv etdiyini, məscidlərimizi dağıtdıqlarını, yaxud yararsız vəziyyətə qoyduqlarını bildirib.
Baş müfti Hüseyn Kavazoviç Qarabağın azadlığı uğrunda şəhid olanlara rəhmət diləyib. O, Bosniya və Herseqovinada vaxtilə belə müsibətlərin yaşandığı üçün vəziyyəti tam olaraq dərk etdiyini, keçən əsrin 90-cı illərində Bosniya və Herseqovinaya qarşı təcavüz nəticəsində ölkəsinin böyük bir hissəsinin yad qüvvələr tərəfindən işğal olunduğunu qeyd edib.
Ölkəmizi Zəfər qazanması münasibətilə təbrik edən Baş müfti bildirib ki, işğal dövründə ermənilər tərəfindən məscidlərdə donuz saxlanması islamofobiyadan xəbər verir və İslam dəyərlərinə, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə böyük hörmətsizlikdir.
H.Kavazoviç bir neçə il öncə ölkəmizdə səfərini xatırlayaraq, paytaxtımızın inkişafının canlı şahidi olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts