Boksçumuz Aynur Mikayılova Millətlər kuboku yarışının finalına yüksəlib

Tokio, 20 yanvar , /AJMEDIA/

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku yarışı davam edir. Yarışın ikinci günündə Azərbaycan milli komandasının 4 idmançısı rinqə çıxıb.
AJMEDIA Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, dörddəbir finalda macarıstanlı Laura Horvatı məğlub edən Aynur Mikayılova (52 kq) yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkib. Gənc boksçular arasında baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, yanvarın 22-də keçiriləcək finalda Draqana Yovanoviçlə üz-üzə gələcək.
Böyüklərin mübarizəsində Günel Rəhimova da mərhələ adlayıb. Turnirdə 48 kiloqram çəki dərəcəsində gücünü sınayan boksçu dörddəbir finalda əlcəzairli Fatiha Mansuri ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən G.Rəhimova finala gedən yolda Nikola Durikova (Slovakiya) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Anaxanım İsmayılova (50 kq) yarımfinalda Petra Mezeiyə (Macarıstan) məğlub olaraq, üçüncü yeri tutub. Məhsəti Həmzəyeva (57 kq) isə dörddəbir finalda Lakramioara Periyoça (Rumıniya) ilə qarşılaşıb və rəqib mərhələ adlayıb.
Yarışın üçüncü günündə millimizin 2 üzvü döyüşə çıxacaq.
Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər kuboku yarışının ilk günündə gənc boksçular arasında mübarizə aparan Nərmin Əlizadə (50 kq) və Aysu İsmayılova (48 kq) bürünc medala sahib olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts