Site icon AJMEDIA Azərbaycanca

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri barədə məlumatlandırılıb

Tokio, 8 mart , /AJMEDIA/

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, görüşdə BMT ilə Azərbaycan hökuməti arasında imzalanmış müxtəlif əməkdaşlıq sənədləri əsasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə icrasının sürətləndirilməsi, habelə 11-ci məqsəd – “Dayanıqlı şəhərlər və icmalar” haqqında geniş fikir mübadiləsi aparılıb.

Qonağa ölkəmizdə şəhərsalma və ərazi planlaşdırılması sahəsində həyata keçirilən fəaliyyət, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması üzrə Komitə tərəfindən icra edilən işlərə dair ətraflı məlumat verilib. Bildirilib ki, ərazi planlaşdırma sənədlərinin hazırlanması zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürülməklə şəhər və digər yaşayış məntəqələrinin açıqlığı, təhlükəsizliyi, davamlılığı və ekoloji dayanıqlılığı məsələlərinə xüsusi diqqət ayrılır.

Görüş zamanı BMT-nin Məskunlaşma Proqramı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında “Yeni Şəhər Gündəliyi” sənədinin icrası üzrə Azərbaycan tərəfinin Könüllü Hesabatının tərtib edilməsi, milli şəhərsalma siyasətinin formalaşdırılması, müvafiq sahədə DİM-lərin lokallaşdırılması, birgə tədbirlərin təşkili və aidiyyəti sahələr üzrə kadr potensialının artırılması üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı maraq ifadə edilib.

Exit mobile version