Site icon AJMEDIA Azərbaycanca

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanılıb

Tokio, 08 iyul, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında olub.

Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində, AMEA-nın Rəyasət Heyətinin Böyük alt zalında keçirilən Birinci Türkoloji Qurultay SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edib. Qurultayın keçirilməsi və qəbul etdiyi qərarlar sovet hakimiyyəti kimi sərt bir rejimdə türk xalqlarının milli kimliyini qorumasında və özünüdərkində mühüm rol oynayıb.

AMEA rəhbəri müasir dövrdə türk xalqlarının və dövlətlərinin güclü həmrəylik nümayiş etdirdiyini və bu birliyi Türk Dövlətləri Təşkilatının daha da gücləndirdiyini söyləyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Türk dünyasını bizim ailəmiz adlandırıb və Azərbaycan Milli Elmlər Akademiyası da dövlətimizin başçısının tapşırığından irəli gələrək bu istiqamətdə fəaliyyətini genişləndirib və əməli tədbirlər davam etdirilir.

Akademik İsa Həbibbəyli artıq Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanıldığını və Rəyasət Heyətinin qərarı ilə işlərin sürətlənəcəyini söyləyib. AMEA-nın Rəyasət Heyəti tərəfindən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul olunub.

Exit mobile version