Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasının elektron kitabının təqdimatını keçirib

Tokio, 9 Oktyabr, /AJMEDIA/

Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyinin və Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı ilə Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabın təqdimat mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, müasir dövrün tələblərinə uyğun olaraq elektron versiyada tərtib olunmuş kitabı təqdim etməkdə məqsəd gənc nəsli Azərbaycanın və bütövlükdə Türk dünyasının dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsi ilə yaxından tanış etməkdir.

Tədbiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açaraq, Bakıda təşkil olunan kitab sərgisinin önəmindən danışıb: “Mənim üçün çox xoşdur ki, bu sevincli və qürurlu, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin qeyd olunduğu günlərdə bir yerə toplaşmışıq. Bakı növbəti dəfə Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ev sahibliyi edir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bu sərgidə öz stendini açaraq, dünyanın müxtəlif ölkələrində çap olunan nəşrlərini nümayiş etdirir. Kitab – bilik mənbəyidir, bizim özümüzü və milli mənsubiyyətimizi dərk etməkdə əsas vasitədir. Kitab, eyni zamanda, mənəviyyatdır. Çünki kitab oxuyaraq biz həm daxili dünyamızı, həm də cəmiyyətimizi, ətrafımızı zənginləşdiririk. Bu səpkidə Türk dünyası çox böyük bir zənginliyə malikdir. Türk dünyası “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” dastanlarından tutmuş bu günə qədər dünya mədəniyyətinə neçə-neçə böyük şəxsiyyətlərin təkrarsız qələm nümunələrini bəxş etmişdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədi də bu dəyərləri təbliğ və nümayiş etdirmək, qoruyub saxlamaqdır. Nizaminin toxunduğu bütün mövzular aktualdır, müasirdir. Prezident İlham Əliyev tərəfindən bu il Azərbaycanda Türk dünyasının görkəmli şairi, böyük mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Nizami Gəncəvi İli” elan edilmişdir. Bu da bütövlükdə Türk dünyası ədəbiyyatına olan böyük ehtiramın göstəricisidir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu istiqamətdə bir çox layihələr həyata keçirmişdir. Bu layihələrdən biri də Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabıdır. Şadam ki, biz bu layihəni Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə əməkdaşlıq çərçivəsində təqdim etmişik”.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirdə çıxış edərək, kitab haqqında məlumat verib. Şəhla Qəmbərova layihənin həyata keçirilməsindəki əsas məqsədin Nizami yaradıcılığının gənc nəsil arasında təbliğ edilməsi olduğunu bildirərək, kitabı uşaqlar tərəfindən çəkilən rəngli illisturasiyaların bəzədiyini diqqətə çatdırıb. Şəhla Qəmbərova Nizami Gəncəvinin “Yeddi Gözəl” layihəsi ilə bağlı yola Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə çıxmaqdan böyük məmnunluq duyduğunu vurğulayıb.

Tədbirdə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Dünya Ədəbiyyatı” dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu çıxış edərək, kitab haqqında təəssüratlarını bölüşüb, layihənin önəmini vurğulayıblar.

Təqdimat gənclərin ifasında Nizami Gəncəvinin əsərlərinin səsləndirilməsi ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts