Beynəlxalq Şahmat Federasiyası Faiq Həsənovu mükafatlandırıb

Tokio, 20 sentyabr, /AJMEDIA/

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qala-gecəsi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) AJMEDIA-ya verilən məlumata görə, tədbirdə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç və FIDE-nin vitse-prezidenti, AŞF-in rəhbəri Mahir Məmmədov çıxış edib. M.Məmmədov ali şahmat qurumunun yaradıcılarına təşəkkürünü bildirib: “FIDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qaldı. Buna görə biz FIDE-nin yaradıcılarına minnətdar olmalıyıq”.

Sonra şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatlar təqdim olunub.

Gecədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, uzun illər mötəbər şahmat yarışlarında hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb. FIDE-nin rəsmi saytı F.Həsənovun uğurları barədə bunları qeyd edib: “Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O, Olimpiada, Dünya Kuboku, Qran-Pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun və Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən AŞF-nin vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. O, həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan “Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts