Site icon AJMEDIA Azərbaycanca

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda xaçpərəst siyasət yürüdür

Tokio, 11 sentyabr , /AJMEDIA/

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) sərgilədiyi son davranışları ilə Qarabağdakı erməni separatizmini dəstəkləmiş oldu. Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınlarının hələ də Xankəndiyə buraxılmaması məhz BQXK-nin ermənilərlə birgə fəaliyyətinin nəticəsində mümkün olub. Məlumatlara görə, Komitə Rusiya QXC-nə təzyiq göstərir ki, yükləri Ağdam yolu ilə Xankəndiyə aparmasın. Məqsədləri aydındır. Beynəlxalq miqyasda Azərbaycana qarşı aparılan kampaniyaya qoşularaq Qarabağda separatizmi körükləmək. Azərbaycan dövləti isə buna biganə qalmayacaq və müvafiq qərarlar qəbul edəcək.

Bu sözləri açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, BQXK ermənilərə dost dövlətlərin sifarişlərini yerinə yetirir: “Komitə Qarabağ məsələsində, Azərbaycana münasibətdə əsl xaçpərəstlik edir desək yanılmarıq. BQXK həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində azərbaycanlı əsir və girovlara lazımi dəstəyi verməyib. Bunun əksinə olaraq ermənilərə isə hər zaman isti münasibət bəsləyib. Onlar hər zaman bir qayda olaraq ermənilərin yanında olublar və bu “sadiqlik” bu gün də davam edir. BQXK Birinci Qarabağ müharibəsindən sonra tez bir zamanda Xankəndidə özünə ofis açdı və aktiv fəaliyyətə başladı. BQXK-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin də vətəndaşları var. Onların Qarabağdakı separatçılarla işbirliyində olduğunu düşünməyə haqqımız var. 44 günlük Vətən müharibəsində BQXK Azərbaycana qarşı qərəzli mövqe tutmuşdu və bu təşkilatın nümayəndələri yalnız Ermənistanı müdafiə edirdilər. Onlar qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplayaraq düşmən tərəfə ötürürdülər. BQXK-ya məxsus yük və tibb maşınları ilə ermənilərə qaçaqmal, silah-sursat daşındığına dair çoxsaylı məlumatlar var. Bütün bunlar Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktıdır. Bu, həm də ölkəmizin beynəlxalq humanitar təşkilata olan etimadından sui-istifadədir”.

Politoloq bildirib ki, Azərbaycanın Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən nəqliyyat vasitələrinin keçidini müvəqqəti dayandırması bir çox beynəlxalq dairələrin, o cümlədən BQXK-nın planlarını pozdu: “Azərbaycan BQXK-nın qanunsuz fəaliyyətinə göz yuma bilməz. Qurumun adındakı “qızıl” sözü qızıl suyuna çəkilmiş hansısa metal kimi saxtadır. Dünyanın müxtəlif ölkələrində humanitar fəaliyyət həyata keçirən qurum Azərbaycana münasibətdə sanki “casus missiyası”ndadır.

BQXK-ya humanitar yüklərin haradan danışmasın nə fərqi var? Heç kəs Azərbaycan ərazisində dövlətin iradəsindən kənar marşrutlar müəyyənləşdirə bilməz. Yoxsa, Komitə Xankəndini Azərbaycan ərazisi hesab etmir? İtkin düşmüş azərbaycanlıların, həmçinin girovluqda olanların taleyi ilə ciddi maraqlanmayan BQXK bu gün beynəlxalq aləmdə humanitar şou yaratmaqla məşğuldur. Yaxşı olardı ki, qurum hazırda Bərdədə yuxarıdan “əmr” gözləyən Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq maşınlarının Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməsinə razılıq versin. Ermənistan və BQXK ərzaqların daşınmasına mane olmağa çalışır. Bu isə BQXK-nın sözlərinin səmimiliyini ciddi şübhə altına salır. Qarabağdakı separatçılar BQXK-dan güc alırlar. Ağdam-Əsgəran yolunu bağlayan ermənilər heç bir halda yükləri qəbul etməyəcəklərini bildirirlər. Maraqlıdır ki, bəs Rusiya sülhməramlı kontingenti hara baxır? Separatçılar nə böyük qüvvədir ki, Rusiyanın humanitar yük maşınlarının qarşısını kəssin və rusiyalı hərbçilər onlarla bacara bilməsinlər? Deməli, ortada Azərbaycana qarşı bir plan, çirkin oyun var. Hesab edirəm ki, Qərb dairələri tərəfindən də Ağdam-Xankəndi yolu ilə bu yükün keçirilməsinə məqsədli şəkildə maneə törədilir. Onlar BQXK-dan siyasi alət kimi istifadə edirlər”.

Exit mobile version