Tokio, 8 fevral , /AJMEDIA/
Azərbaycanda keçirilən prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak etdim. Səhər saatlarından etibarən nümayəndə heyəti ilə birlikdə 7 seçki məntəqəsində səsvermənin gedişini izlədik. Biz bütün məntəqələrdə seçicilərin yüksək fəallığının şahidi olduq. Vətəndaşlar rahat şəkildə səslərini verdilər.
Bu fikirləri AJMEDIA-ya açıqlamasında beynəlxalq münasibətlər və Dayanıqlı İnkişaf Məqsədləri üzrə tanınmış beynəlxalq ekspert, pakistanlı müşahidəçi Qayser Nəvvab səsləndirib.
Müşahidəçi vurğulayıb ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası azad, ədalətli və şəffaf səsvermənin keçirilməsini təmin etmək üçün ciddi şəkildə tədbirlər görüb. Səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşı bu gün səhər saat 8-dən axşam 19-a kimi demokratik hüququndan istifadə etdi.
“Gənclər də daxil olmaqla, xeyli sayda insan ölkənin demokratik ruhunu əks etdirən seçki prosesində fəal iştirak etdi. Müşahidələrimdə diqqətimi çəkən məqamlardan biri də insanların seçkilərə ailəvi gəlmələridir. Valideynlər azyaşlı uşaqları ilə birlikdə seçki məntəqələrinə həvəslə gəlib səs verirlər. Bu fakt erkən yaşlarda demokratiya haqqında məlumatlılığı aşılamaq məqsədi daşıyır. Uşaqların həyəcanına və iştirakına şahidlik etmək ürəkaçan idi. Bu, gələcək nəsillərdə demokratik dəyərlərin təşviqinə sadiqliyi nümayiş etdirir”, – deyə Qayser Nəvvab vurğulayıb.
Prezident seçkilərini çox əlamətdar hadisə kimi qiymətləndirən ekspert bu seçkilərin nəticələrinin ölkənin gələcək inkişafı üçün uğurlu olacağına inandığını bildirib