Bayram günlərində Şəkiyə gələnlərin əksəriyyətini yerli turistlər təşkil edib

Tokio, 23 mart , /AJMEDIA/

Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaralar, yerli sənətkarların əl işlərinin satıldığı emalatxana-dükanlar, “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.
AJMEDIA xəbər verir ki, hər il olduğu kimi, bu il də Novruz bayramı günlərində Şəkiyə gələn turistlərin sayında artım müşahidə edilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaralar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi – Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi yerli və xarici turistlərin daha çox marağına səbəb olur.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun baş fond mühafizəçisi Nərgiz Ağayevanın verdiyi məlumata görə, bayram günlərində qoruğun ərazisinə gələnlərin əksəriyyətini yerli turistlər təşkil edir. Xarici turistlər arasında isə Rusiya, Türkiyə, Pakistan, Hindistan, İtaliya və digər Avropa ölkələrindən gələnlər daha çoxdur. Bayram günlərində şəhərə turist axınını nəzərə alaraq, Xan Sarayının qapıları səhər saat 9:00-dan axşam 18:00-dək qonaqların üzünə açıq olur.
Qeyd edək ki, hazırda Dövlət Turizm Agentliyi tərəfindən qoruğun ərazisində, Qala divarlarının daxilində bir neçə tarixi binada – XIX əsrin əvvəllərində inşa edilmiş Dairəvi məbəddə, şəbəkə emalatxanasında, XIX əsrdə tikilmiş əsgər kazarmasında, həmçinin Tarix-Diyarşünaslıq Muzeyində təmir-bərpa işləri davam etdirilir.
Qoruğu ziyarət edən yerli və əcnəbi turistlərlə söhbət zamanı onlar Şəkiyə səfərlərindən məmnun qaldıqlarını vurğulayıblar.
Mehmet Duruş ailəsi ilə birlikdə Türkiyənin Adana bölgəsindən gəlib. Qardaş ölkədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin acı-ağrısını yaşayan bu ailə 20 gündür ki, Azərbaycandadır. Ailənin qızı bir neçə ildir ki, Bakıda şirkətlərdən birində çalışır.
Azərbaycana ilk dəfə səfər etdiklərini vurğulayan qonaq deyib: “Bir müddət olar ki, Bakı şəhərində qızımızın yanında qalırıq. Ailə dostlarımızla birlikdə paytaxtın görməli yerləri ilə tanış olmuşuq. Bakı çox gözəl şəhərdir. Novruz bayramı günlərində Azərbaycanın bölgələrinə səfər etməyi qərara aldıq. İndi qədim Şəki şəhərindəyik. Xan Sarayı ilə yenicə tanış olduq, çox möhtəşəm memarlıq abidəsidir. Fürsətdən istifadə edib, xalqınızı bu əziz bayram münasibətilə təbrik edirik”.
Rusiyanın paytaxtı Moskvadan rəfiqəsi ilə qonaq gələn Yekaterina Maslova isə indiyədək Azərbaycanda bir neçə dəfə olub. Səhiyyə sahəsində çalışır. Bu, rusiyalı qonaqların Şəkiyə ikinci səfəridir. İlk dəfə 2015-ci ildə bu qədim şəhərdə olublar.
Səfərlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Yekaterina Maslova deyib: “Gözəl ölkənizə hər dəfə böyük məmnuniyyətlə gəlirik. Şəkidə Xan Sarayı ilə tanış olduq, bənzəri olmayan sənət əsəridir. Biz gəzməyi çox xoşlayırıq. Belə abidə ilə başqa yerlərdə rastlaşmamışıq. İnanmaq olmur ki, belə gözəl şəbəkə pəncərələr insan əli ilə yaradılıb. Bu sarayı inşa edən sənətkarların əl işlərinə heyran qalmamaq olmur. Həqiqətən də olduqca gözəl bir abidədir”.
Rusiyalı qonaqların sözlərinə görə, Novruz bayramını Bakıda dostları ilə birgə qeyd ediblər. Onlar xalqımızın Novruz adət-ənənələri ilə tanış olub, milli mətbəx nümunələrindən, şirniyyatlardan dadıb, bayram tonqalının ətrafında doyunca əyləniblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts