Tokio, 2 may , /AJMEDIA/
Turizm sənayesi iqtisadiyyatın gəlirli sahələrindən biri olmaqla yanaşı, həm də dövlətlərin daha da yaxın münasibət qurmasına təkan verir.
AJMEDIA xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xosrov Novruzi “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nda deyib.
O bildirib ki, COVID-19 pandemiyası turizmin inkişafına ciddi zərər vurub.
“Lakin Azərbaycan pandemiyadan sonra tez bir zamanda turizm sənayesini yenidən qura bildi. Təsadüfi deyil ki, 2023-cü ildə Azərbaycanı 2,2 milyon turist ziyarət edib. İƏT-ə üzv olan dövlətlərin böyük turizm potensialları var. Bu potensialdan istifadə edərək turizm sənayesinin inkişafına nail olmaq zəruridir. Bu baxımdan qarşılıqlı səfərlərin və ölkə haqqında təqdimatların keçirilməsi təşkilatın funksiyasına daxil olan məsələdir. Turizmin təşviqi də əhəmiyyətli məsələlərdən biridir. Bu istiqamətdə Türkmənistan, Pakistan, Azərbaycan və Türkiyədə təqdimatlar keçirilib”, – deyə X.Novruzi əlavə edib.
Baş katib nəzərə çatdırıb ki, təşkilata üzv olan dövlətlər arasında Azərbaycan hökuməti turizmin inkişafına daha çox dəstək verən ölkədir.
“İƏT dövlətləri qədim İpək Yolunun üzərində yerləşir ki, bu da turizmin inkişafı üçün unikal imkanlar yaradır. İƏT katibliyinin əsas məqsədi region dövlətlərinin daha da yaxınlaşmasına və turizmin inkişafı ilə xalqların adət-ənənələrinin təbliğinə köməklik göstərməkdən ibarətdir. Bununla yanaşı, hər bir ölkənin iqtisadi artımında turizmin müəyyən payı var. Azərbaycan turizm üçün çox gözəl məkandır. Bakı şəhəri, Qəbələ, Zaqatala, Quba kimi rayonlar turistlərin sevimli məkanlarıdır, buradakı otellər də əlçatandır”, – deyə X.Novruzi qeyd edib.