Site icon AJMEDIA Azərbaycanca

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilir

Tokio, 24 sentyabr, /AJMEDIA/

Bakıda Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilir.

Sentyabrın 24-25-i tarixlərini əhatə edən Sammit bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.

Sammitdə 300-dən çox iştirakçı, 150-dən artıq müəssisə və 20-dən artıq ölkə üzrə 50-dən çox beynəlxalq və yerli spiker qlobal tədqiqat əməkdaşlıqları Avrasiya universitetlərinin sosial-iqtisadi inkişafa verdiyi töhfələr, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində ali təhsilin rolu ilə bağlı müzakirələr aparacaq.

Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:

∙ Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma;

∙ Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu;

∙ Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları.

“THE Avrasiya Universitetlərinin Sammiti”nin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev çıxış edib. Nazir ali təhsilin əsas missiyasının insan kapitalının inkişafı və cəmiyyət üçün əlavə dəyərin yaradılması olduğunu vurğulayıb. O, həmçinin ali təhsilin əlçatanlığı, keyfiyyət və kəmiyyət arasında balansın qorunması, beynəlxalq tələbə mübadiləsində ədalətli yanaşma və sosial bərabərliyin təmin olunması kimi məsələlərin müzakirə olunmasının vacibliyini bildirib.

Emin Əmrullayev xarici universitetlər və institutlar arasında əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq Avrasiya kimi önəmli regionda elmi araşdırmaların aparılmasının faydalılığı və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verə biləcəyini deyib. Çıxışının sonunda nazir sammitin əməkdaşlıq və yeni ideyalar üçün mühüm əhəmiyyətini qeyd edib.

“Times Higher Education” beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Beyti Azərbaycanın elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün unikal platforma yaratdığını bildirib. Eyni zamanda, 2026-cı ildə açıqlanacaq dünya universitetləri reytinqində Azərbaycan universitetlərinin sayının əvvəlki illə müqayisədə iki dəfə artaraq dördə çatacağını deyib.

Tədbirdə çıxış edən Con fon Neyman Universitetinin Müşahidə Şurasının sədri Norbert Csizmadia isə universitetlər, sənaye və hökumətlərin birgə fəaliyyətinin qlobal problemlərə cavab verən dinamik tədqiqat ekosistemləri yaratmaq baxımından əhəmiyyətini vurğulayıb. O, transmilli tədqiqatın biliklərə ədalətli çıxış və yeni həllərin tapılmasına mühüm töhfə verəcəyini qeyd edib.

Sammitin birinci günündə transmilli tədqiqatların qlobal təsiri, ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, Avrasiya universitetləri arasında əməkdaşlıq imkanları və beynəlxalq tələbə mobilliyi mövzularında panel müzakirələri aparılıb.

Exit mobile version