Bakı növbəti dəfə siyasi mərkəz rolunda – Dünya liderləri Bakı Qlobal Forumuna müraciət edir

Tokio, 5 Noyabr, /AJMEDIA/

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu öz işinə başladı.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.

Qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bugünədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib.

VIII Qlobal Bakı Forumu isə bugündən fəaliyyətə başlayıb. Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunə modeli, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Azərbaycanın BMT qətnamələrini özünün icra etməsi və digər önəmli məsələlərə toxundu.

VIII Qlobal Bakı Forumuna dünya liderlərinin böyük diqqəti və marağındadır. Formun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun, Latviya Prezidenti Egils Levitsin, Molova Baş naziri Natalia Gavrilitanın, Roma Papası Fransiskin, ÜST-ün direktoru Tedros Adhanom Qebreyesusun, Böyük Britaniyanın sabiq Baş naziri, BMT-nin Qlobal təhsil üzrə xüsusi elçisi və Ümumdünya Səhiyyə Təşkilatının Qlobal sağlamlığın maliyyələşdirilməsi üzrə səfiri Qordon Braun və digər nüfuzlu şəxslərin müraciətləri oldu.

Foruma dünya ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində olan geniş maraq Azərbaycanın düyada artan nüfuzunun, Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların və siyasi gücünün göstəricisidir.

Politoloq Ceyhun Əhmədli AJMEDIA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin VII Qlobal Bakı Forumunda çıxışı regionda müharibə və münaqişədən sonra yaranmış yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından da müstəsna əhəmiyyətə sahibdir. Cənab Prezident çıxışı zamanı müharibədən sonrakı reallıqların obyektiv təqdimatını etdi:

“Postkonflikt dövrünün reallıqlarından çıxış edən dövlətimizin başçısı Azərbaycanın regionun gələcəyi ilə bağlı baxışlarını növbəti dəfə bəyan etdi. Ölkəmizin sülh danışıqlarına hazır olduğunu bildirən cənab Prezident Ermənistandan hələ də bu istiqamətdə adekvat cavabın gəlmədiyini beynəlxalq birliyin diqqətinə çatdırdı. Yəni biz sülh müqaviləsini imzalamağa hazırıq. İndi top Ermənistanın meydanındadır. Məhz bu məqam Ermənistanın qlobal informasiya məkanında növbəti dəfə küncə sıxışdırılması baxımından son dərəcə önəmlidir.

Bu forum həm də dünya liderlərinin müraciətləri ilə yadda qaldı. Bu da Azərbaycanın, Azərbaycan Prezidentinin artan siyasi nüfuzunun, siyasi gücünün göstəricisidir. Bu gün Azərbaycan nəyinki regionun lider ölkəsidir, artıq Azərbaycan dünya səviyyəsində öz sözünü deməyi bacan, öz həll yollarını təklif edən bir dövlətə çevrilib”.

Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə qeyd edib ki, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə görülən işlər ölkəmizin beynəlxalq nüfuzunu əsaslı şəkildə qaldırıb: “VIII Qlobal Bakı Forumu bu nüfuzun bariz nümunəsidir. Bu gün Azərbaycan dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib, beynəlxalq arenada öz siyasi çəkisi, mühüm rolu var.

“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumda hibrid formatda təşkil olunan beynəlxalq tədbirdə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın nüfuzlu qonaq iştirak edir. Onların arasında ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, siyasətçilər, politoloqlar, ekspertlər var. Bu gün Bakı dünyanın siyasi diqqət mərkəzinə çevrilib.

Foruma qatılmış məşhur dövlət, siyasət və diplomatiya xadimlərinin Forumun panellərindəki çıxışları da bir daha sübut edir ki, Forumun Bakıda keçirilməsinin ciddi əsaslara malik olması yetərincə dərk edilir. Dünya liderləri Azərbaycan prezidentinin qlobal və regional məsələlərin həllində təşəbbüskar mövqeyinə böyük önəm verir və hər bir ekstremal vəziyyətdən çıxış yollarının axtarışında İlham Əliyevin təklif və təşəbbüslərinə xüsusi ümidlə baxırlar”.

Baş redaktor bildirib ki, Azərbaycan prezidentinin Forumda çıxışı dünya üçün sülh, sağlamlıq, ədalət və rifah hədəflərinə yetişməkdə Azərbaycanın nə qədər məqsədyönlü işlər gördüyünü bir daha göstərdi: “Prezident Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsinin təkcə milli nailiyyət yox, həm də qiymətli təcrübə örnəyi kimi əhəmiyyətini yetərli səviyyədə izah etdi. Dünya bir daha bildi ki, Azərbaycan pandemiya ilə mübarizənin ən səmərəli mexanizmini yaratmış təşəbbüskar ölkədir. Dünya bilir ki, COVİD – lə uğurlu mübarizənin milli və qlobal mexanizmlərinin formalaşmasında İlham Əliyevin şəxsi təşğbbüskarlıq, təşkilatçılıq keyfiyyətləri və məsuliyyəti həlledici faktorlar oldu.

Dünya ilk dəfə olaraq bu həqiqəti duydu ki, Azərbaycan əsas təminatçı olduğu qaz bazarlarının iştirakçıları qarşısında maksimum məsuliyyətlidir və süni qiymət tərəddüdlərinin yaranmasına səbəb olan davranışlardan çox uzaqdır.Prezidentin nitqində özünə yer almış tezislər Azərbaycanın etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə öz təsirini şübhəsiz göstərəcək.

Ən vacib məqamlardan biri budur ki, Prezident İlham Əliyev Azərbaycanı təcavüzkarlıqda və müharibəyə başlamaqda suçlayan Ermənistan siyasətçilərinin arqumentlərini bütün dünyanın gözü qarşısında bir daha alt-üst etdi. Prezident İlham Əliyev növbəti dəfə sübut etdi ki, müharibənin səbəbkarı və təcavüzkar məhz Ermənistandır. Prezidentin çox aydın nesajları oldu ki, Ermənistan BMT qətnamələrini icra etmədiyi, status – kvonu saxlamağa çalışdığı və yeni ərazilərin işğalına cəhd göstərdiyinə ğörə müharibənin bütün fəlakətləri üçün məsuliyyət daşıyan tək tərəfdir.

Qeyd edək ki, VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts